Xələf Xələfov Bakıya gələn ermənilərə işğalçı olduqlarını xatırlatdı
AzVision.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda çıxışı zamanı deyib.
X.Xələfov vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün heç nə edə bilməyib.
"Avropa İttifaqı işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionda sosial tərəqqiyə, iqtisadi inkişafa təkan verəcək. Azərbaycan tezliklə münaqişənin həllində maraqlıdır. Biz ümid edirik ki, mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək”.
XİN rəsmisi xatırladıb ki, Azərbaycan Aİ-nin etirbarlı tərəfdaşıdır. “Azərbaycan və Avopa İttifaqı bir çox sahələrdə ümumi maraq kəsb edən, qarşılıqlı faydalara əsasən əməkdaşlıq edir. Hazırda əməkdaşlığa dair aparılan intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına xidmət edən yeni siyasi hüquqi çərçivənin yaranmasına xidmət edəcək. Eyni zamanda Cənub Qaz dəhlizi sahəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol enerji sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir”.
Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan və Armen Aşotyanın köməkçisi Aram Barseğyan da tədbirdə iştirak edirlər.
Aytən Zəhra
AzVision.az
Teqlər: Xələf-Xələfov