Elmar Vəliyevin qadın müavini kimdir - ARAYIŞ

  12 İyun 2014    Oxunub : 2184
Elmar Vəliyevin qadın müavini kimdir - ARAYIŞ
Bu gün Gəncə Şəhər icra başçısı Elmar Vəliyev ictimaiyyətə yeni qadın müavini təqdim edib. İcra Hakimiyyətinin başçısının bundan sonra ictimai siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva olacaq.
AzVision.az-ın məlumatına görə, Elmar Vəliyevin yeni qadın müavini, Gəncə Dövlət Universitetində Musiqi kafedrasının müdiri Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib.

O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib.

1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib.

1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, Universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür.

2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.

2007-ci ildən indiyədək Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədr müavinidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 aprel 2009-cu il tarixli sərəncamına əsasən Sevda xanım "Tərəqqi" medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azad Həmkarlar İttifaqı Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı, Gəncə Dövlət Universiteti, universitetin pedaqoji fakültəsi tərəfindən fəxri fərman və tərifnamələrlə təltif olunub.

Sevinc İltifatqızı

Teqlər: