I sinif valideynlərinin nəzərinə

 I sinif valideynlərinin nəzərinə
  07 Avqust 2013    Oxunub:1056
Valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək qəbul ediləcək.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə komissiyalar fəaliyyətə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 nömrəli əmr imzalayıb.

Əmrə əsasən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək qəbul ediləcək.

O da qeyd olunub ki, qaydalara əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilib. Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün komissiyalar yaradılıb. Komissiyaların işi avqustun 5-dən Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə təşkil olunub. Hazırda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 6 komissiya fəaliyyət göstərir. Hər bir komissiya ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət olmaqla 5 nəfərdən təşkil edilib.

Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq uşaqla tədris alacağı dildə 15 - 20 dəqiqə ərzində müsahibə aparılacaq. Zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün uşaqlara 4 sual veriləcək. Hər bir suala cavabın 5 ballıq şkala üzrə qiymətləndirilməsi nəzərdə tutulur. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

Müsahibə sentyabrın 10-da başa çatacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti