Prezident Heydər Əliyev Mərkəzində

Prezident  Heydər Əliyev Mərkəzində
  07 Avqust 2013    Oxunub:1254
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, Mərkəzin yerləşdiyi Heydər Parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir.

Burada yerli əhalinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Kürdəmirin ən gözəl yerlərindən birinə çevirib.

Azərbaycan Prezidenti Mərkəzin binasının birinci mərtəbəsindəki fotoguşələrə və virtual sinfə baxdı. Mərkəzdə ulu öndər Heydər Əliyevin möhtəşəm portreti diqqəti cəlb edir. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini əks etdirən fotoguşələr xüsusi zövqlə tərtib olunmuşdur. Nümayiş etdirilən fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik dövrü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrləri, 1990-1992-ci illərdə Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin ayrı-ayrı məqamları geniş işıqlandırılıb.

İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün 300 nəfərlik akt zalı vardır. Burada, həmçinin Ümummilli Liderin zəngin irsini təbliğ etmək üçün tədris otağı yaradılıb

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin inşasına ötən ilin iyulunda başlanılıb, bu ilin iyulunda başa çatdırılıb.

Ümumi sahəsi 2524 kvadratmetr olan Mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir.

Mərkəzin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik konfrans zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunmuşdur. Burada rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya fəaliyyət göstərir. Bir sözlə, Mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin hərtərəfli təbliği üçün geniş şərait yaradılıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti