`Müharibədə iştirak etməyə hazıram` - Polad Bülbüloğlu

  07 İyun 2016    Oxunub : 2427
`Müharibədə iştirak etməyə hazıram` - Polad Bülbüloğlu
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Metsamor AES ilə bağlı təhlükə haqqında danışıb.

Səfir qeyd edib ki, Azərbaycan və Rusiyanı ortaq tarix, mədəni-humanitar və informasiya məkanı birləşdirir, ölkələrimiz, o cümlədən regionlararası səviyyədə ticarət-iqtisadi əməkdaşlığı fəal inkişaf etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar suala cavab verərkən diplomat deyib: “Ermənistan başqa dövlətin ərazisini işğal edib və indi dünyaya izah etməyə çalışır ki, bu, belə də olmalıdır. Amma bu absurddur! Azərbaycan, onun ərazisinin işğalı, özgə ərazisini qanunsuz işğal edən təcavüzkar var. Azərbaycan ona qarşı həyata keçirilən təcavüzün nəticələri ilə heç vaxt barışmayacaq. Özünümüdafiə BMT-nin Nizamnaməsinə uyğun olaraq hər bir ölkənin hüququdur. Bu, qədim dövrlərdən indiyə qədər hər bir xalqın müqəddəs borcudur. Azərbaycan vətəndaşı kimi, əslən Qarabağdan olan, Şuşada ata-baba evi indi işğal altında olan bir insan kimi dəfələrlə demişəm və indi də deyirəm ki, vətənimin torpaqlarını işğalçılardan azad etmək üçün Vətən müharibəsində şəxsən iştirak etməyə hazıram. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu, o cümlədən hərbi quruculuq sahəsində əldə edilən müvəffəqiyyət sayəsində silahlı qüvvələrimizin potensialı kifayət qədər çoxdur və aprel hadisələri zamanı Müdafiə Nazirliyi könüllülərin orduya cəlb edilməsinə ehtiyac olmadığını bildirib”.

P.Bülbüloğlunun sözlərinə görə, münaqişənin həllində real irəliləyiş tərəflər arasında razılaşdırılmış qrafik üzrə erməni işğalçı qüvvələrinin çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpasının həyata keçirilməsi ilə başlamalıdır. Səfir fikrinin davamında deyib: “Qısa müddətdə məhz bu nəticənin əldə edilməsinə ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən təşkilatın səhra missiyaları yardım etməlidirlər. Sülhməramlı adı altında mövcud status-kvonun möhkəmləndirilməsi mexanizmlərinin yaradılmasına cəhd göstərilməsi səmərəsizdir. Azərbaycan belə bir yanaşmaya razılıq verməyəcək, çünki o, həm ölkəmizin maraqları, həm də beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Regionun müharibənin nəticələrinin uzun müddət saxlanılmasına və işğal vəziyyətinin konservasiyasına deyil, sülhə ehtiyacı var. Birgə səyləri məhz bu istiqamətə yönəltmək lazımdır”.

Azərbaycanın Rusiyadakı səfiri Metsamor AES məsələsinə də toxunub. O, Metsamor atom elektrik stansiyasının yüksək seysmik risk zonasında yerləşdiyini və “Çernobıl” tipli reaktorlara malik olduğunu vurğulayıb. Diplomat deyib: “Dağıdıcı Spitak zəlzələsindən sonra SSRİ-nin hakimiyyət orqanları Metsamor AES-in fəaliyyətinin dayandırılmasını məqsədəuyğun bildilər. Lakin 1995-ci ildə Ermənistan Respublikasının Hökuməti bu atom elektrik stansiyasının ikinci enerji blokunun işini bərpa etdi. Beləliklə, burada obyektiv təbii risklər göz önündədir. Qonşu ölkələrin real fəlakət perspektivinə bu cür sakit yanaşması təəccüb doğurur. Axı partlayış olarsa, sonrakı peşmançılıq fayda verməyəcək. İlk növbədə və ən çox Ermənistanın özü zərər görəcək, Gürcüstan, İran, Türkiyə və təbii ki, Azərbaycan da yaxınlıqdadır. Məhz buna görə biz beynəlxalq ictimaiyyəti və Rusiyanı yaranan təhlükələrin neytrallaşdırılmasına dair təsirli tədbirlər görməyə çağırırıq”.

Səfir əlavə edib ki, Azərbaycan həmçinin “Ermənistanın bəzi hərbçiləri və deputatları, o cümlədən sabiq baş nazirinin məsuliyyətsiz bəyanatları və müharibə təhdidlərindən” narahatdır. P.Bülbüloğlu deyib: “Onlar nüvə silahı və ya nüvə tullantılarının istifadəsi ilə istehsal edilən “çirkli bomba” yaratmaq imkanına malik olduqlarını iddia edirlər. Məncə, sübut etməyə xüsusi ehtiyac yoxdur ki, artıq resursları tükənmiş Metsamor AES-dən faydalanmaqla radioaktiv komponentli döyüş qurğuları yaratmaq kimi eksperimentlər bütün dünyada ciddi fəsadlar doğura bilər”. (Azərtac)

AzVision.az

Teqlər: