Kürdə çirklənmənin səviyyəsi artıb
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
İyul ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,0-6.21 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
AzVision.az