Vergidən yayınmaya görə 192 cinayət işi

Vergidən yayınmaya görə 192 cinayət işi
  12 İyul 2013    Oxunub:1305
2013-cü ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 192 cinayət işi başlanıbki, bu da ötən illə müqayisədə 24 iş azdır.
Azvision.az xəbər verir ki, həmin cinayət işlərindən 168-i vergi ödəməkdən yayınma, o cümlədən 87-i vergi borcunun ödənilməməsi faktları, qalanları isə qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı daxil olmuş materiallar üzrə başlanıb.

Departamentin İstintaq idarəsinin icraatında həmin dövr ərzində cəmi 537 cinayət işi (əvvəlki illərdən qalıq qalmış, icraatı təzələnmiş və digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər də nəzərə alınmaqla) olmuş, istintaqı tamamlanmış 184 cinayət işindən 50 iş üzrə 51 nəfər barəsində ittiham aktı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hesabat dövründə 133 işin icraatına xitam verilmiş, onlardan 73 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilmişlər. Cinayət işlərinin araşdırılması zamanı 10 milyon 365 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində barələrində axtarış elan edilib 14 nəfər tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 251 şəxsin məcburi qaydada gətirilməsi, 219 şəxsin tapılaraq istintaqa gəlmələri, 145 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasından yayınan 342 nəfər vergi ödəyicisi tapılaraq onlar barədə məlumatlar müvafiq vergi orqanlarına təqdim edilib.


Teqlər:  





Xəbər lenti