Manat iki dəfə niyə ucuzlaşdı? - Mərkəzi Bankın hesabatı
“Tədiyyə balansı profisitinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli azaldılması müşahidə olunub. Xarici valyutaya tələbin kəskin artması isə əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur. Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirib və dollarlaşmanın yüksəlməsinə səbəb olub”.
Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib. Eyni zamanda il ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47,4% artaraq 8,8 mlrd. ABŞ dolları təşkil edib. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, avronun isə 29%-i ilin I rübündə satılıb.
Pul kütləsinin dəyişimindəki son meyillər nəzərə alınaraq, habelə faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyat norması 2%-dən 0.5%-ə endirilib. 2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90,3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub. 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb.
İcmalda həmçinin qeyd olunur ki, hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir. Belə ki, Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib:
`Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür. "Üzən məzənnə" rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir.
Qeyd edək ki, yeni məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son qoyulub. Yeni rejimin tətbiqindən sonra Mərkəzi Bankın valyuta bazarına müdaxilələri əhəmiyyətli azalıb
İlkin Nəcəfzadə
AzVision.az