Müəllim yaxşı şagirdi döyərmi?

Müəllim yaxşı şagirdi döyərmi?
  29 Yanvar 2016    Oxunub:6334
Son günlər sosial şəbəkələrdə müəllimlərin şagirdi döyməsi ilə bağlı yayılan videolar cəmiyyətdə qınaq obyektinə çevrilib. Ekspertlər hesab edirlər ki, müəllimin şagirdi döyməsi sovetlər dövründən qalan ənənədir.

Müəllimin şagirdi döyməsi ilə bağlı aparılan müzakirələr zamanı maraqlı fikirlər ortaya çıxır. Bir çoxları düşünürlər ki, müəllim yaxşı şagirdi döyməz, şagird döyülürsə, günahı müəllimdə yox, şagirdin özündə axtarmaq lazımdır.

Şagird dərsə səs salırsa, əxlaqsız davranışlara yol verirsə, müəllim nə etməlidir?

Millət vəkili Musa Quliyev hesab edir ki, kimliyindən aslı olmayaraq, müəllimin şagirdi döyməsi, zor tətbiq etməsi yolverilməzdir.

“Bir vaxtlar insanları cəza ilə idarə edə bilirdilər. İndi dünyanın heç bir yerində şagirdi döymək praktikası mövcüd deyil. Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın. Bu, cinayətdir. Bütün postsovet ölkələrində, müsəlman ölkələrində belə ənənə qalır. Düşünürlər ki, müəllim şagirdi döyməklə ona yaxşı tərbiyyə verir. Bu yalnış düşüncədir. Kimisə döymək cinayətdir, tərbiyyə yox”.

M. Quliyevin sözlərinə görə, şagirdi döyən müəllimlər qanun qarşısında cavab verməlidirlər: “Uşağı döyməklə vətəndaş yetişdirmək olmaz. Belə şəraitdə uşaqlar vətəndaş yox, qul kimi böyüyürlər. Müəllim şagirdi döyürsə, bu, onun tərbiyyəsindən irəli gəlir. Hesab edirəm ki, zaman keçdikcə, yeni dövrün müəllimləri bu metodikanı unudacaqlar”.



Təhsil üzrə ekspert Nadiq İsrafilovun fikrincə, şagirdlərin döyülməsi mənəvi dəyərlərin dəyişməsindən irəli gəlir: “SSRİ dövründə vəziyyət tam fərqli idi. O dövrlər əxlaq kodeksi, ədəb qaydaları bütün məktəblərin foye və dəhlizlərinin başlıca atributları idi. Şagirdlərin bilikləri ilə yanaşı onların əxlaq və davranışları da qiymətləndirilirdi. Orta məktəbləri bitirənlərə attestatla yanaşı davranışına görə xasiyyətnamə də verilirdi”.

N.İsrafilovun sözlərinə görə, qanunvericiliyə əsasən şagirdlərin toxunulmazlıq hüququ var və onların təzyiqə məruz qalması qanunla qadağandır. “Uşaqlarla qəddar rəftara yol verilməsi, psixi və fiziki zorakılıq tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyəti daşıyır”.



Ekspert qeyd edib ki, uşaqların döyülməsi, təhqir edilməsi, şəxsiyyətinin aşağılanması kimi digər xoşagəlməz hallara hələ də rast gəlinir və bu, sosial mediada geniş işıqlandırılır: “Maraqlıdır ki, müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Kimi müəllimə bəraət qazandırır, kimi isə buna sərt təpki verir. Düşünürəm ki, müəllim-şagird-valideyn münasibətlərinin genişlədirilməsi yollarını axtarmalıyıq.Telekanallarda zorakılıq, şiddət hallarının göstərilməsi, KİV-lərdə bu qəbildən olan video görüntülərin yayılmazı yolverilməzdir”.

Ekspertin sözlərinə görə, şagirdlərin məktəbdə mobil telefondan istifadəsi qadağan edilməlidir. Bundan əlavə N.İsrafilov hesab edir ki, şagirdlərlə yanaşı, müəllimlər də psixoloqlarla işləməlidir.

Gültəkin Ələsgər





Teqlər:  





Xəbər lenti