Prezidentin Davosda verdiyi ciddi mesajlar

Prezidentin Davosda verdiyi ciddi mesajlar
  24 Yanvar 2016    Oxunub:4683
İsveçrədə keçirilən Davos İqtisadi Forumu maraqlı məqamlarla yadda qaldı. Forumda dünyada hökm sürən iqtisadi böhran, neftin qiymətinin kəskin ucuzlaşması əsas müzakirə mövzusu idi. Dünyanın diqqət mərkəzində olan forumda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Davosda bir çox önəmli görüşlər keçirdi. Ölkə başçısı çıxışı zamanı neftin qiyməti və Azərbaycanın hazırki vəziyyəti ilə bağlı hər kəsi maraqlandıran sualları cavablandırdı.

Azərbaycan prezidenti liderlərin toplantısında ölkəmizin üzləşdiyi çətin vəziyyətdən çıxacağını əminliklə ifadə edib:

“Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq.Neftin kəskin ucuzlaşması bizim üçün gözlənilməz oldu. Eyni zamanda, bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik”.



Millət vəkili Hikmət Babaoğlunun fikrincə, prezident İlham Əliyev Davos Forumunda dünyada baş verən iqtisadi və maliyyə proseslərini təhlil edərək bu prosesin Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə təsirindən danışıb.

“Dövlət başçısı ilk növbədə Azərbaycanda yeni iqtisadi təfəkkürə söykənən islahatlar aparılacağını və bu istiqamətdə qətiyyətli addımların atıldığını diqqətə çatdırıb. Prezident iqtisadi blokda əsas prioritet kimi ölkədə makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, pul-maliyyə şəffaflığının təmin edilməsi və qeyri-neft sektorunda ixracatın artırılmasının vacibliyini qeyd edib.

Prezident eyni zamanda bildirib ki, yaranmış vəziyyətdə sosial sahədə heç bir problem olmayacaq, lakin investisiya və digər xərcləmələrdə müəyyən məhdudiyyətlər yaranacaq. Daha sonra prezident diqqəti Azərbaycanın meqa layihələrinə çəkərək TANAP, Bakı - Tibilisi - Qars dəmiryolunun, o cümlədən Yeni Beynəlxalq Dəniz Limanının ölkəmizin iqtisadiyyatında böyuk rol oynayacağını diqqətə çatdırıb”.

Millət vəkili hesab edir ki, son günlər prezident tərəfindən verilən qərarlar Azərbaycan iqtisadiyyatında faktiki olaraq yeni mərhələdir: “Buraya lisenziyaların ləğv edilməsi, gömrüyün liberallaşdırılması, əmək haqları və müavinətlərin artırılmasından başlamış idarəetmədə aparılan islahatlara qədər olduqca geniş blok daxildir. Əgər buna regionlarda sənaye zonalarının yaradılması ilə bağlı layihələri də əlavə etsək, ən qısa zamanda prezident İlham Əliyevin dediyi kimi yeni, qeyri-formal iqtisadiyyatın yaranmasının və vergi bazasının genişlənməsinin şahidi olacağıq. Düşünürəm ki, bütun bunlar yaranmş vəziyyətdən çıxmaq üçün ən optimal və effektiv addımlardır”.



Politoloq Arzu Nağıyevun sözlərinə görə, ölkə başçısının Davosdakı çıxışı analitik, iqtisadi cəhətdən düşünülmüş, dünya iqtisadiyyatına uyğun və eyni zamanda nikbin əhval-ruhiyyəli hesab edilməlidir:

“Prezident İlham Əliyev çıxışında Azərbaycanda gedən iqtisadi proseslərlə yanaşı, dünyaya inteqrasiya edən Azərbaycanın məhz beynəlxalq siyasi və iqtisadi arenada rolunu məharətlə göstərdi. Azərbaycanın neft ixrac edən dövlət kimi tanınan böyük dövlətlərlə eyni masa arxasında əyləşməsi çox mühüm bir hal kimi qiymətləndiriliməlidir. Prezidentin çıxışında neftin qiymətinin düşməsinə baxmayaraq, insanların rifahının yüksəldilməsinin əsas meyar kimi göstərilməsi təqdirəlayiq haldır. Bunula əlaqədar ölkə başçısı qeyd etdi ki, biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Prezidentin qeyd etdiyi kimi, vəziyyət bütün dünyada olduğu kimi bizdə də çətindir. Lakin bunun da bir müsbət cəhəti ondan ibarətdir ki, Azərbaycanda növbəti iqtisadi mərhələ başladı/

Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Belə bir nikbinlik çox yaxşı haldır və Azərbaycanın gələcək inkişafı üçün bir proqramdır. 1994-cü ildə neftin qiymətinin kəskin düşməsi zamanı Azərbaycan bu sınaqdan da məharətlə çıxmışdı. İndi də ümid var ki, stabillik olacaq. Təbii ki, neftin qiyməti müəyyən bir həddə qədər stabilləşəcək. Çıxışının sonunda prezidentin 2016-cı ilin ikinci yarısının məhz sabitləşmə dövrü olacağı fikri də nikbinlikdən xəbər verir”,-politoloq qeyd edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti