“ASAN xidmət” 3 il (VİDEO)

“ASAN xidmət” 3 il (VİDEO)
  15 Yanvar 2016    Oxunub:3506
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzinin yaranmasının 3 ili tamam olur.

AzVision.az xəbər verir ki, hazırda ölkə üzrə 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, 4-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir.

Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 30 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Mərkəzlərdə internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb.

“ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.

Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 15-16 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədi ilə xüsusi avtobuslar vasitəsilə səyyar xidmətlər göstərilir. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədi ilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Azərbaycan brendi olan “ASAN xidmət” “Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması” kateqoriyasında 2015-ci il dövlət xidmətləri sahəsində BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. Bu faktın özü bir daha təsdiqləyir ki, “ASAN xidmət”ə dünyada böyük maraq var.

Eyni zamanda artıq “ASAN FM” layihəsi də hazırlanıb və fəaliyyətə başlayıb. Radio dövlət xidmətləri sahəsində ixtisaslaşmış yeganə radio olacaq. Məqsəd daha geniş auditoriyaya çıxış, onların düzgün və operativ məlumatlandırılmasıdır.




Teqlər:  





Xəbər lenti