Dekanlar 2 min, professorlar 1300 manat maaş alır

Dekanlar 2 min, professorlar 1300 manat maaş alır
  12 Yanvar 2016    Oxunub:3755
“Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan tələbələr akademik borclarına görə ikinci dəfə imtahan verən zaman pul ödəyirdilər.Biz tələbələrimizi bundan azad etmişik”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Ədalət Muradov deyib.

Rektorun sözlərinə görə, bununla bağlı 10 gün bundan əvvəl Elmi Şuranın iclasında qərar qəbul edilib.

Rektor qeyd edib ki, universitet müəllimlərinin əmək haqqı 3 mərhələdə artırılıb: “Dekanların vəzifə maaşı iki min, kafedra müdirlərinin vəzifə maaşı 1500, professorların isə vəzifə maaşı 1300 manat təşkil edir. Pedaqoji heyətin orta aylıq əmək haqqı isə 961 manatdır. Gələcəkdə müəllimlərin əmək haqlarının artırılmasını nəzərədən keçiririk. Lakin bunun üçün müəllimlərin dərs yükü artırılmalıdır. Bu isə universitetimizdə müəllimlərin sayının azaldılması hesabına başa gələ bilər”.

Rektor daha sonra əlavə edib: “İqtisad universitetində 5 ixtisas üzrə Beynəlxalq İqtisadiyyat Məktəbi yaratmışıq. Orada bütün fənlər ingilis dilində tədris olunur. Tədris MBA proqramı əsasında həyata keçirilir. Proqram əsasında bu il 7 yeni ixtisas üzrə qəbul sifariş vermişik.

Hazırda universitetimizdə təqribən 400 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələri qəbul etməklə İqtisad universitetinin reytinqinin qaldırılmasına, həm də maliyyə mənbələrinin genişləndilməsinə nail olacağıq”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti