`Prezidentin fərmanı sahibkarlığın inkişafına təkan verəcək` - ŞƏRH

`Prezidentin fərmanı sahibkarlığın inkişafına təkan verəcək` - ŞƏRH
  23 Dekabr 2015    Oxunub:5131
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən lisenziyalaşdırma qaydasının sadələşdirilməsi, lisenziyaların müddətsiz verilməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması ləğv edilib.

Həmçinin lisenziya verilməsi üçün tələb olunan şərtlər sadələşdirilib və təkmilləşdirilib. Fərmanda qeyd olunan əsas məqamlarda biri də avtomobil nəqliyyatı üzrə taksi və yük daşımaları, tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxalı və satışının lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılmalıdır.

Prezidentin bu fərmanı sahibkarlığın inkişafına necə təsir göstərəcək?

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, ölkə başçısının bu fərmanı sahibkarlığın inkişafında ciddi bir mərhələnin əsasını qoyacaq. Onun sözlərinə görə, manat “üzən məzənnə”yə keçdikdən sonra sahibkarlıq sektorunun liberallaşması olduqca vacibdir:

“Prezidentin bu fərmanı imkan verəcək ki, sahibkarlığın inkişafı hesabına ölkəyə daxil olan valyuta kütləsini tənzimləmək mümkün olsun. Son qaydalarla faydalanan sahibkarlar fəaliyyətlərini genişləndirəmək və daha çox gəlir əldə etmək imkanları qazanacaqlar. Lisenziyalar verilən zaman sahibkarların incidilməsi halları baş verirdi. Nəticədə sahibkar lisenziya almaq üçün xeyli gün gözləmək məcburiyyətində qalırdı. Sahibkarlara verilən lisenziyaların asanlaşdırılması və lisenziyaların sayının azaldılması olduqca vacib məqamdır. Çünki lisenziyaların sayının azaldılması sahibkarlar üçün əlavə xərcdən azad olmaq deməkdir. Lisenziyaların sayının azaldılması sahibkaralara vəsaitlərinə qənaət etmək imkanı verəcək”.



Ekspert hesab edir ki, lisenziyaların müddətsiz olması sahibkarlar üçün yeni imkanlar yaradacaq: “Sahibkarlar müddətli lisenziyalardan istifadə edirdilər. Müddət başa çatdıqdan sonra məcbur olurdular ki, yenidən müraciət etsinlər. Bu, həm maddi baxımdan, həm də zaman baxımından itki idi. Digər əhəmiyyətli bir məqam lisenziyalar üzrə rüsumların azaldılmasıdır ki, artıq sahibkarlar aşağı rüsum ödəməklə lisenziya almaq imkanlarına malik olacaqlar. Bu da sahibkarlar üçün kifayət qədər ciddi imkanlar yaradacaq. Lisenziyaların verilməsi qaydaları da təkmilləşib. Lisenziyaların alınması il bağlı müraciətə baxılması üçün konkret olaraq 7 iş günü müəyyən olunub. Yalnız istisna hallarda bu gün artırıla bilər. Digər tərəfdən isə proses elektronlaşıb. Lisenziyaların verilməsinə müdaxilə olunmayacaq”.

V.Bayramovun fikrincə, nəqliyyat və bu kimi sahələrdə lisenziyaların tamamilə ləğv edilməsi olduqca vacib məqamdır və bu, inkişafa müsbət təsir göstərəcək: “Konkret meyarlardan keçməklə taksi fəaliyyəti göstərmək mümkün olacaq. Bu imkan verəcək ki, taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olsun. Həmçinin taksi xidməti göstərmək istəyənlər süründürməçilik olmadan bu işlə məşğul olacaqlar. Bir sıra lisenziyaların ləğv edilməsi həmin sektorlarda kifayət qədər ciddi liberallaşmanın yaranmasına səbəb olacaq”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti