`Adəm ilk insan deyil` – İlahiyyatçıdan iddia

`Adəm ilk insan deyil` – İlahiyyatçıdan iddia
  21 Noyabr 2015    Oxunub:6083
İlahiyyatçılar və bir sıra alimlər Adəm Peyğəmbəri yer üzündə ilk insan hesab edir və bütün bəşəriyyətin onunla Həvvadan törədiyini deyir. Hətta, Adəmin insanlığın ilk atası olmasını bütün səmavi dinlər təsdiqləyir. Belə bir sual yaranır: Əgər, yer üzündə yaşamış ilk insanlar Adəmlə Həvvadan törəyibsə, bu qədər fərqli insan irlqləri necə yaranıb?

Femida.az-ın suallarını cavablandıran İlahiyyatçı Elşad Miri Adəm və Həvvanın ilk insan olmadığını deyib:

“Günümüzə qədər, insanın bir qadın bir kişidən yarandığı deyilib. Daha sonra da həmin insanlardan doğulan insalarla bacı-qardaşlar çarpaz evləndirilib. Bu fikir Qurani-Kərimə ziddir. Doğru yanaşma hesab edilə bilməz. Adəm və Həvva prototipdir. Allah ilk dəfə başqa insanlar, başqa irqlər də yaradıb.

Həmin o irqlərin ailə qurması nəticəsində davam edib. Sonrakı dövrlərdə olmayıb. Bir ağdərili insanla, bir qaradərili insandan başqa irqin yaranması mümkün deyil. Əgər belə bir şey olsa idi təkamül nəzəriyyəsinə haqq qazandırmış olardıq. Günümüzün özündə də, ağdərili insan qaradərili inasanın yaşadığı bir mühitdə bir neçə nəsil yaşasa, doğulub böyüsələr yenə də ağdərili olaraq qalacaqlar.

Allah Adəm və Həvvanı yaratdığı kimi başqa Adəm və Həvvaları da yaradıb. Onların nəsli də davam edib. Ən doğru variant budur. Digər bacı qardaş evliliyi fikirləri həqiqəti əks etdirmir. Bu, islam adından insanlara sırınan yalnış xurafatlardır. İlk insanın Adəm olması Qurani-Kərimdə yazılmayıb. Əksinə, o cür tərcümə olunub. Tərcümələr isə o cür təqdim olunub. Bu isə, doğru deyil”.

İlahiyyatçının sözlərinə görə, dini yarandığı dövrlə müqayisə etmək olmaz. “Elə sonuncu - İslam dinini götürək. İslam dini 7-ci əsrdə gəlibsə, Qurani-Kərmə o əsrin kitabı kimi yanaşa bilmərik” – Elşad Miri deyib.

“Qurani-Kərmi 7-ci əsrin insanına xitab edilən kitab hesab edə bilmərik. Çünki əgər din unvirsaldırsa, bütün dövrlərə xasdırsa, o zaman həmin o dövrdə gələn kitab bu günümüzə də xitab etməlidir. Yəni müasir dövrdə yaşayırıqsa, həmin o kitab mənə də xitab etməlidir, məndən sonrakı övladlarıma da. Ona görə də həmin məsələləri günümüzlə əlaqələndirib insanlara düzgün şəkildə çatdırılmasının tərəfdarıyam. O zaman insanlar bunu qəbul edib, daha düzgün başa düşüb, mənimsəyib və ona uyğun hərəkət edə bilərlər”.
(femida.az)


Teqlər:





Xəbər lenti