`Erməni kilsələrinə qazı pulsuz veririk`- Rövnəq Abdullayev

`Erməni kilsələrinə qazı pulsuz veririk`- Rövnəq Abdullayev
  09 Noyabr 2015    Oxunub:10847
Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökümətində olan bəzi insanlarladır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin Gürcüstana səfərindən sonra Mir Şahin Ağayevə geniş müsahibə verib.

AzVision.az anspress-ə istinadən həmin müsahibəni oxucularına təqdim edir:

-Rövnəq müəllim, harasa hazırlaşırsız. Hara gedirsiz?

- Misirə uçuruq. Biz artıq 4 ildir ki, orada kəşfiyyatla məşquluq. Biz bu gün Misiri böyük miqdarda yanacaq və neft məhsulları ilə təmin edirik.

- Gürcüstana necə gedib-gəldiz?

- Çox gözəl və böyük nəticələri oldu bu səfərin. Cənab Prezidentin ora səfəri çox yüksək səviyyədə keçdi. Ən əsası orda yaşayan azərbaycanlıların əhval-ruhiyyəsi, inamı artdı. Bu gün tarixdə olmayan bir şeydir ki, minlərlə azərbaycanlı gənc gürcü dilində təhsil alır. Dövlət başçısının göstərişi ilə, biz onların orda təhsilini maliyyələşdiririk, həm də onları təqaüdlə ilə təmin edirik ki, bu da bir neçə ildən sonra Gürcüstan ictimaiyyətində azərbaycanlıların rolunu və imkanlarını artırmış olacaq. Bu gün Azərbaycan kəndlərinin sosial-iqtisadi inkişafı üçün cənab Prezident çoxlu işlər görür. Bu gün biz harda qazlaşdırma işləri aparırıqsa, çalışırıq ki, orada məktəbləridə, yolları da təmir edək. Bu kəndlərdə yaşayan azərbaycanlıların da Azərbaycana inamı yaranır, onlar görürlər ki, cənab Prezident onların arxasındadır. Həmin görüşdə onlar bunu öz çıxışlarında da bildirdilər. Kənd camaatı Prezidentə şikayət etmişdirlər ki, məhsulları əllərində qalır, onlardan məhsulu ucuz qiymətə alırlar. Prezidentin göstərişi ilə biz və bir neçə iş adamı orada Gürcüstanın ən böyük soyuducu qurğusunu tikdik. Artıq Marneuli, Dmanisi və Bolnisidə azərbaycanlıların yaşadığı kəndlərin sakinləri öz məhsullarını burda saxlaya və bir neçə aydan sonra baha qiymətə sata bilərlər. İndi isə yerli biznesin inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsinə dair göstəriş verilib. Biz orada konserv sənayəsini inkişaf etdirməyi planlaşdırırıq ki, soydaşlarımız orada öz təsərrüfatlarını inkişaf etdirməyi bacarsınlar. Bu da onların maddi imkanını rifahlandırmaq üçün çox gözəl imkanlar yaradacaq.

- Rövnəq müəllim, səfər ərəfəsində və elə səfərin gedişatında da şayiələr gəzirdi ki, Gürcüstan Rusiyadan İrandan qaz almağa hazırlaşır. Bu nə dərəcədə əsası olan söhbətdir?

- Bilirsiz, ilk növbədə Gürcüstan bizim strateji partnyorumuzdur. Gürcüstan özünü bizsiz, biz isə Gürcüstansız özümüzü təsəvvür etmirik. Azərbaycanın inkişafı üçün böyük layihələr həyata keçirəndə cənab Prezident hər zaman Gürcüstanın da inkişafına böyük fikir verib, çünkü Gürcüstan bizim qonşumuzdur, Avropaya açılan qapımızdır. Gürcüstanda olan problemlərin aradan qaldırılması üçün, ələxsusda qazla bağlı sosial proqramlar həyata keçiririk. Bu gün Gürcüstanda əhaliyə verilən qaz Ermənistandan iki dəfə ucuzdur, bu da strateji partnyorluqdan irəli gəlir. Əsas Gürcüstanı qazla təmin edən bizik və bunu biz müqavilələrə əsasən sosial bir paket əsasında keçiririk və onu da deyim ki, bu gün Rusiyanın Ermənistana qaz nəqli üçün Gürcüstana ödədiyi tranzit haqqı bizə çatır. O vəsaiti biz alırıq və hovuz şəklində sosial bir layihə həyata keçiririk. Həm "Şahdəniz" tranzitinə görə, həm Rusiya tranzitinə görə bütün qaz üzrə komissiyalar müqavilə əsasında SOCAR-a ödənilir.

O ki qaldı ikinci məsələyə, bu Gürcüstanda kommersiya məsələləri ilə bağlıdır. Bilirsiniz ki, hazırda bu ölkədə yanacaq doldurma mərkəzlərinin 50% sıxılmış qazdan istifadə edir. Bizim də artıq bu ölkədə 100-ə yaxın yanacaq doldurma və 20-dən çox qazdoldurma stansiyalarımız var və biz bunu inkişaf etdirmək niyyətindəyik. Bu biznesdir, sosial layihə deyil, məhz buna görə də bu qazı istədiyimiz qiymətə sata bilirik. Bizim Gürcüstan hakimiyyəti qarşısında öhdəliyimiz yoxdur və onlar da öz seçimində azaddılar: hardan istəsələr qaz ala bilərlər. Rusiya qazı almaq istəyirlər, problem yoxdur, boru keçir ordan, istədikləri vaxt pulunu ödəyib qaz ala bilərlər. Heç kəs bunun qarşısını ala bilməz. Amma rəqabət qabilyətlidirmi? Bu ayrı bir sualdır. Buyursunlar alsınlar, kommersiya biznesinə girişirsə, buyursun. Rusiyaya, İrana, onların Ermənistana qaz verməsi məsələsinə gəldikdə, bu, nağıla bənzəyir. Ermənistana 300 millimetrlik kəmər birləşdiriblər ki, bu da sosial bir layihədir. O xətt heç bir ilə 300 milyon kub metr qaz buraxmır.

- Ümumiyətlə, hər hansı bir narahatlıq varmı ki, Gürcüstan gələcəkdə bizim bu layihələrimizə əngəl ola bilər?

- Mən sizə bir kəlmə ilə cavab verəcəm: Azərbaycanın dörd qonşusuna olan xətləri, diversifikasiya olunan imkanları, qaz anbarı imkan verir ki, Azərbaycansız bu regionda heç bir sərfəli neft-qaz əməliyyatı həyata keçirilməsin. Prezidentin apardığı neft strategiyası ondan ibarətdir ki, biz hamıya açığıq, diversifikasiya olunan marşrutlardan istifadə edirik və heç kimə də monopoliya sırımırıq.

- Eyni zamanda cənab Prezident çox diplomatik ustalıqla əla bir fikir yeritdi orada ki, Azərbaycan ən böyük vergi ödəyicisidir, həm Gürcüstanın büdcəsini doldurur, yəni belə bir partnyoru itirmək Gürcüstana sərf eləmir.

- Cənab Prezident düzgün buyurdu ki, biz artıq 6-7 ildir ki, Gürcüstanın ən böyükl vergi ödəyicisiyik, böyük şirkətlərdən biriyik. 500-600 nəfər adam işləyir bizdə. Artıq uzun müddətdir ki, dövlət böyük müqavilələr bağlayır bu ölkə ilə və bu müqavilələri heç kimin hüququ yoxdur reviziya etməyə.

Bundan əlavə, bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bütün dini məbədlər bizdə qazla təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Cənab Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olsa, bizim soydaşlarımıza orada yaşamaq daha rahat olacaq. Ona görə də biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbət, məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökümətində olan bəzi insanlarladır. İndi baxırsız ki, orada nə qədər narazılıqlar var. Xalqın günahı yoxdur ki. Azərbaycanın tolerant xalq olduğunu cənab Prezident bir daha sübut etdi.

AzVision.az



Teqlər:  





Xəbər lenti