`Onlar işdən qovulacaqlar...`- Nazir xəbərdarlıq etdi

`Onlar işdən qovulacaqlar...`- Nazir xəbərdarlıq etdi
  30 Oktyabr 2015    Oxunub:4591
Energetika Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirəsindəki çıxışında irəli sürülən məsələlərə və nazirliyin bir qrup əməkdaşının mükafatlandırılmasına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirlikdən AzVision.az - a verilən məlumata görə, energetika naziri Natiq Əliyev son dövrlər dünyada cərəyan edən siyasi-iqtisadi böhran və onun xüsusilə neft-qaz istehsal edən ölkələrdə iqtisadi inkişafa təsirindən danışaraq bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin hökumətin son iclasındakı nitqi ölkə iqtisadiyyatının inkişafında keyfiyyətcə yeni mərhələnin başlanmasına təkan verib. Onun sözlərinə görə, Energetika Nazirliyi də ölkədə sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımların atıldığı bu mərhələyə öz töhfəsini verməlidir. Bu isə hər bir energetikin üzərinə düşən vəzifənin layiqincə yerinə yetirilməsindən, nazirlik əməkdaşlarının fəaliyyətlərini qanun çərçivəsində həyata keçirməsindən asılıdır.

Layiqli xidmətin dövlət başçısı tərəfindən həmişə qiymətləndirildiyini diqqətə çatdıran Natiq Əliyev deyib ki, “Neftçilər günü” və “Energetiklər günü”ndə Energetika Nazirliyinin əməkdaşlarının səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltifi də məhz uğurlu fəaliyyətə xüsusi diqqətin göstəricisidir. Sonra energetika naziri mükafatları sahiblərinə- Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdir müavini Eldar Şiriyevə, Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin aparıcı məsləhətçisi Cahangir Binyatova, Dövlət Qaz Nəzarəti İdarəsinin baş məsləhətçi-hüquqşünası Samid Əliyevə, Dövlət Enerji Nəzarəti İdarəsinin Şirvan regional bölməsinin rəisi Əlibala Mənsimova və Dövlət Enerji Nəzarəti İdarəsinin Bakı regional bölməsinin böyük məsləhətçi-müfəttişi Cəsman Mahmudova təqdim edib.

Kollegiya iclası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında“ Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə görüləcək işlərin müzakirəsi ilə davam etdirilib. Bildirilib ki, ölkədə sahibkarların fəaliyyətinə müdaxilə yolverilməzdir.

Natiq Əliyev deyib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən həyata keçirilən nəzarət funksiyasından ancaq dövlətin xeyrinə istifadə olunmalıdır. O, qeyd edib ki, bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır. Yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlanıla bilər. Kimsə vəzifə səlahiyyətlərini aşaraq, qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək, işdən azad ediləcək.

Daha sonra məruzələr dinlənilib. Yoxlamaların aparılmasını əsaslandıran qaydaların hazırlanması məsələsi ətrafında müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib. Kollegiya iclasına yekun vuran nazir Natiq Əliyev dövlət başçısının qarşıya qoyduğu vəzifələri bir daha diqqətə çatdıraraq, müvafiq fərman, sərəncam və dövlət proqramlarında Energetika Nazirliyi ilə bağlı müəyyən edilmiş vəzifələrin qəti şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.


Teqlər:  





Xəbər lenti