Azərbaycan 17 pillə irəlilədi
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib.
Eyni zamanda, “Doing Business 2016” hesabatında 3 göstərici (“Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilmişdir.
“Doing Business 2016” hesabatında əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə və s. irəliləyib.
Hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında “Biznesə başlama” göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 40-cı yerdədir.
Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
“Doing Business 2016” hesabatında “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olmuş və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin, ölkəmizdə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində “bir pəncərə” prinsipinin tətbiqi, aidiyyəti şəxslərlə əqdlər bağlanılarkən prosedurların təkmilləşdirilməsi kimi islahatlar nümunə kimi göstərilib.
Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə əsas səbəb Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olub.
Ötən ilki hesabatla müqayisədə “Doing Business 2016” hesabatına “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası”, “Əmlakın qeydiyyatı” göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilmişdir.
“Doing Business” hesabatının mühüm elementi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilmişdir ki, (əvvəlki hesabatda 64.08) bu da, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların daha bir göstəricidir.