`Yeni bir böhran başlayıb...` - Nazir məqalə yazdı

`Yeni bir böhran başlayıb...` - Nazir məqalə yazdı
  21 Oktyabr 2015    Oxunub:3933
Energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində məqaləsi dərc olunub.
Nazir məqaləsində yazır ki, qlobal məkanda baş verən son gərgin proseslərlə tarix yeni bir böhran mərhələsinə qədəm qoyub: “Son illərə qədər özünün cəlbedici tərəqqi modeli ilə möcüzəvi nailiyyətlər qazanmış Çin də daxil olmaqla bir sıra iri dövlətlərdə iqtisadi inkişaf tempinin xeyli zəifləməsi, genişmiqyaslı infliyasiya ilə xarakterizə olunan qlobal maliyyə böhranı dalğasının öz hüdudlarını getdikcə genişləndirməsi və bütün bunların həm də neftin kəskin ucuzlaşması şəraitində baş verməsi dünyada təbii qlobal inkişaf qanunauyğunluqlarından daha çox geosiyasi amillərin idarə etdiyi ziddiyyətli reallıqların ortaya çıxdığını göstərir.

Uzun illər ərzində bütün dünyada sosial-iqtisadi inkişafın başlıca hərəkətverici qüvvəsi rolunda çıxış edən əsas təsirlərin, o cümlədən enerji resurslarının mövqeyi indi kifayət qədər zəifləyib, bunun müqabilində siyasi amillər ön plana keçib. Elə buna görə də dünyanın bir çox ölkələrində özünü göstərən iqtisadi böhranın əhatə dairəsi böyüdükcə neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadi amillərlə izahına meyl azalır və “gizli sövdələşmələr nəzəriyyəsi” bu xüsusda daha maraqlı görünməyə başlayır.

Afrikadan Asiyaya qədər böyük bir coğrafiyada gündən-günə alovlanan münaqişələrin dünyanın nizamını pozması, Yaxın Şərqdə, Ukraynada cərəyan edən proseslər, enerji resursları ilə zəngin regionların xaotik durumu müasir dünyamızın son dərəcə təhlükəli perspektivlərlə üz-üzə qaldığını, bu ağır vəziyyətdən xilas üçün qlobal səylərin birləşdirilməsinin labüdlüyünü göstərir”.

Natiq Əliyev G20 ölkələrinin energetika nazirlərinin oktyabrın əvvəlində İstanbulda keçirilən toplantısından söz açaraq qeyd edir ki, Azərbaycanın da qatıldığı bu tədbirin mövzuları enerjiyə çıxış, alternativ enerji mənbələri və enerji səmərəliliyi kimi ümumdünya əhəmiyyətli məsələlər olub: “Hər kəs üçün enerjiyə çıxış”, “Alternativ enerji” və “Enerji səmərəliliyi” mövzularına həsr olunmuş hər üç sessiyada səhraaltı Afrikada enerji çatışmazlığının doğurduğu narahatlıqlar, 2035-ci ilə qədər Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər və investisiya yatırımına ehtiyac məsələləri diqqətə çatdırılıb, dünyada alternativ enerjidən istifadənin sürətli inkişafı və bunun ekoloji baxımdan həm təmiz, həm də sərfəliliyi qeyd edilib, enerji təhlükəsizliyinin təminatında enerji səmərəliliyinin vacibliyi vurğulanıb.

Azərbaycan tədbirin əsas mahiyyətini təşkil edən mövzular üzrə zəngin tarixi təcrübəyə malikdir. Ölkəmiz elektrik enerjisi təminatına 100 faiz nail olub, son 10 ildə generasiya güclərinin artırılması və yeni xətlərin çəkilməsi nəticəsində Azərbaycan elektrik enerjisi təhlükəsizliyi məsələsininin də öhdəsindən uğurla gəlib, əhalinin qaza olan tələbatının tam ödənilməsi üçün qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədinin mühüm bir hissəsi artıq reallaşdırılıb, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri də enerji sektorunun əhəmiyyətli inkişaf istiqaməti kimi seçilib”.

Nazir yazır ki, 2015-ci ilin doqquz ayı ərzində ölkədə 30441,6 min ton proqnoza qarşı 31 409,5 min ton, yəni 967,9 min ton çox neft çıxarılıb: “Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir və boru kəməri vasitəsilə hazırda Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunur. Hesabat dövrü ərzində ölkədən 26,4 milyon ton neft ixrac edilib. Doqquz ay ərzində ölkədə 21,6 milyard kubmetr qaz çıxarılıb. Hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon qaz hasil edilir”.

Nazir qeyd edir ki, 2015-ci ilin doqquz ayı ərzində Azərbaycanda 16,9 milyard kilovat-saat enerji istehsal olunub: “Hesabat dövrü ərzində 85,8 milyon kilovat-saat idxala qarşı 222,1 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti