Koçaryan və Sarkisyan necə varlandı? - İfşaedici faktlar

Koçaryan və Sarkisyan necə varlandı? - İfşaedici faktlar
  21 Oktyabr 2015    Oxunub:4274
Ermənistanın sabiq prezidenti Robert Koçaryanla indiki dövlət başçısı Serj Sarkisyanın Azərbaycan torpaqlarındakı əməllərinə son dövrlər xüsusi diqqət ayrılır. Elə erməni mətbuatı da bunu qabarıq şəkildə yazaraq ictimaiyyətə çatdırır.

“Joxovurd” qəzeti yazır ki, bir vaxtlar heç nəyi olmayan Robert Koçaryan və ailəsi cəmi 10 il ərzində Ermənistanda ən varlı insanlara çevriliblər.

Robert Koçaryan əslində, özünü ötən əsrin 90-cı illərinin ilk yarısında Azərbaycan şəhəri olan Ağdamın talan edilməsi ilə varidat toplamağa başlayıb.

Qəzetin yazdığına görə, 2003-cü ildən etibarən Dağlıq Qarabağda gedən müharibənin aktiv mərhələsində Robert Koçaryan daha çox qarət və talanla məşğul olub.

Respublika partiyasının sədri Aram Sarkisyan da həmin vaxt bildirirdi ki, Ağdamın işğalı zamanı Robert Koçaryan burada qarətlə məşğul olub. O, hətta binaların, evlərin söküntüsündən əldə olunan materialları da tikinti bazarında satışa çıxarıb.

Robert Koçaryan 1998-2008-ci illərdə hakimiyyətdə olduğu zaman isə özünə daha çox var-dövlət toplayıb, ölkəni korrupsiya bataqlığına çevirib. Elə bu səbəbdəndir ki, Ermənistanın aktiv müəssisələrinin böyük əksəriyyəti Koçaryanın və digər dövlət məmurlarının əlində cəmləşib. Həmin şəxslər maliyyə axınının 90 faizini öz nəzarətləri altında saxlayırlar.

Erməni mediasının yazdığına görə, Robert Koçaryan gəlir gətirən əsas sahələrə, yəni, gömrük, neft, benzin idxalı, metalların ixracı və aviadaşıma sahələrinə nəzarət edir. Bu sahələrdən əldə olunan gəlir bütünlüklə ona çatır. O, həmçinin bir çox iri banklara, istehsal kombinatlarına, tibb və istirahət mərkəzlərinə, tikinti şirkətlərinə, mağazalar şəbəkəsinə sahibdir. Beləliklə, proseslər göstərir ki, Robert Koçaryan və indiki prezident Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər.

Faktlar sübut edir ki, hazırda bu cütlük elə korrupsion sistem formalaşdırıb ki, orada məmurlar özlərinə böyük gəlir götürürlər. Ermənistanda bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevirib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir.

Təsadüfi deyil ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksək çinli məmurların gündən-günə artan korrupsiyasıdır.

Robert Koçaryan və Serj Sarkisyan isə bu korrupsiyanın əsas müəllifləri sayılırlar. Onlar, xüsusən də Serj Sarkisyan yaradılan sistem əsasında daha çox gəlir əldə etmək üçün indiki hakimiyyətin ömrünün uzadılmasına xüsusi maraq göstərirlər. Artıq bəllidir ki, Ermənistan vətəndaşları dekabrın 6-da çox mühüm referendumda səs verəcəklər. Bu səsvermədə ölkənin gələcək quruluşunun parlament üsul-idarəsinə keçirilməsi məsələsi qoyulub. Hakim partiya bu addımı daha geniş demokratiyaya aparacaq təşəbbüs kimi dəstəklədiyini bəyan edib. Lakin müxalifət təmsilçiləri bildirirlər ki, konstitusiyaya dəyişiklik hazırkı prezident Serj Sarkisyan və onun partiyasının hakimiyyətdə qalması üçün ortaya atılan üsuldan başqa bir şey deyil.

Xatırladaq ki, Ermənistan parlamenti ölkənin yeni konstitusiyasının müddəalarını təsbit edən qanun layihəsini aylarla davam edən siyasi debat və etirazlardan sonra oktyabrın 5-də qəbul edib. Əksər müşahidəçilər deyirlər ki, yeni sistem bir partiyanın hakimiyyətinə imkan yaratmaqla parlament respublikasının demokratik dəyərlərindən faydalanmaq imkanını aradan qaldıracaq. Onların fikrincə, ikinci dövrədə güclü partiyalar daha zəif partiyaları meydandan çıxaracaq. Müxalifət bildirir ki, yeni konstitusiya Serj Sarkisyanı ikinci və sonuncu müddəti başa çatdıqdan sonra da hakimiyyətdə saxlamaq məqsədilə tərtib olunub. Onun hazırkı prezidentlik müddəti 2018-ci ildə başa çatır.

Konstitusiya dəyişiklikləri qəbul edilərsə, Serj Sarkisyan parlament spikeri və ya baş nazir qismində hakimiyyətini davam etdirə bilər. Bu isə hakimiyyət tərəfindən Ermənistanın qarət edilməsi prosesinin həyata keçirilməsi deməkdir. İndi mövcud iqtidar var-gücü ilə bu niyyətinin həyata keçməsinə çalışır, xalq isə buna etiraz etdiyindən Ermənistanda yaranan siyasi qarşıdurmanın miqyası durmadan genişlənir.


Teqlər:  





Xəbər lenti