“TeliaSonera” getsə “Azercell”i nə gözləyir? - Nazir danışdı

“TeliaSonera” getsə “Azercell”i nə gözləyir? - Nazir danışdı
  19 Sentyabr 2015    Oxunub:3257
`İsveçin "TeliaSonera" şirkətinin "Fintur"dakı 58,55%-lik səhm zərfini satmaq planları Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom"un fəaliyyətinə təsir etməyəcək`.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın informasiya və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, gələcəkdə "Azercell Telekom" MMC-nin səhmlərini alacaq yeni şirkətin imkanlarından asılı olaraq vəziyyətə baxılacaq: ` "Azercell"in hazırda əldə etdiyi gəlirlər şirkətin cari fəaliyyəti və investisiya yatırımlarını əvvəlki kimi davam etdirməsinə imkan verir. Bu səbəbdən "TeliaSonera"nın "Azercell"in əsas səmdarı olan "Fintur"da səhm zərfini satması Azərbaycan şirkətinin abunəçilərinə heç bir neqativ təsiri olmayacaq`.

Nazir bildirib ki, bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən "TeliaSonera" özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib:

"Bu qərar "Teliasonera" şirkətlər qrupunun İdarə Heyəti tərəfindən qəbul olunub. Şirkətlər qrupu “Azercell Telekom” MMC-nin, eləcə də MDB ölkələrində fəaliyyət göstərən digər 6 mobil operatorun birbaşa səhmdarı deyil. Finlandiya və Türkiyənin birgə olaraq yaratdığı "FinTur" adlı ortaq müəssisə var, həmin şirkət “Azercell Telekom” MMC-nin səhmdarıdır. "Teliasonera" isə məhz "FinTur" şirkətindəki səhmlərini satır. Buna görə, "Azercell Telekom" MMC və MDB-dəki digər 6 mobil operator bu satışı hiss etməyəcək. Çünki, onların səhmləri böyük bir şirkətdən nisbətən kiçik şirkətə keçəcəkdir. Ümid edirəm ki, burada heç bir problem olmayacaq”.




Teqlər:  





Xəbər lenti