`İŞİD`- in “iki nömrəli” şəxsi öldürüldü

`İŞİD`- in “iki nömrəli” şəxsi öldürüldü
  22 Avqust 2015    Oxunub:2153
İraqda ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində “iki nömrəli” şəxs məhv edilib.
Ağ Ev İŞİD rəhbərliyində “iki nömrəli” şəxs sayılan Hacı Mutazın avqustun 18-də İraq ərazisində məhv edildiyini təsdiqləyib. “İŞİD terror qruplaşmasının rəhbərliyində “iki nömrəli” şəxs sayılan, daha çox Hacı Mutaz adı ilə tanınan Fadhil Əhməd əl Xəyali avqustun 18-də İraqın Mosul şəhəri yaxınlığında avtomobildə hərəkətdə olarkən ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib”, deyə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.

Onun sözlərinə görə, Əl Xəyali ilə birlikdə İŞİD-də KİV-lərlə əlaqələrə cavabdeh olan Əbu Abdullah məhv edilib.

Ned Prays əlavə edib ki, Əl Xəyali İŞİD-də “baş əlaqələndirici” vəzifəsini icra edib. O İraq və Suriya arasında silah-sursat, nəqliyyat vasitələri və canlı qüvvənin daşınmasına cavabdehlik daşıyıb: “O İŞİD-in hər iki ölkədə əməliyyatların keçirilməsinə nəzarət edib, son iki ildə isə, əsasən, İraqdakı əməliyyatlara rəhbərlik edib. İŞİD-in 2014-cü ildə Mosula hücumunun planlaşdırılmasında əsas rol oynayıb”.

Əl Xəyalinin, həmçinin, “Əl Qaidə” terror təşkilatının üzvü olduğu bildirilir.

Ağ Ev İŞİD-in maliyyə və loqistika məsələlərinə görə cavabdeh olan Əl Xəyalinin ölümünün İŞİD-in əməliyyatlarına mənfi təsir göstərəcəyinə əmindir.

Ned Prays Əl Xəyalinin İŞİD başçısı Əbu Bəkr əl Bağdadinin baş müavini olduğunu qeyd edib.

ABŞ ordusu İraqa yeridilənədək Əl Xəyali İraq ordusunun xüsusi təyinatlı dəstəsində xidmət çəkib. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Əl Türkmani (Əl Xəyali - red) ordu sıralarından uzaqlaşdırılaraq Kemp Bukka həbsxanasına yerləşdirilib. Azadlığa çıxandan sonra “İŞİD” terror qruplaşmasına qatılıb.(APA)


Teqlər:  





Xəbər lenti