Rusiyaya tələbə qəbulu başlayır

  06 İyun 2013    Oxunub : 697
Rusiyaya tələbə qəbulu başlayır
İmtahan iyunun 16-da olacaq
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir.
Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).

Qeydiyyat 2013-cü il iyunun 10-dan 13-dək saat 10:00-dan 17:00-dək aparılır.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituriyentlər Sənədlərin Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim edirlər:
1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün əldə etdikləri iş nömrəsi;
2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları illik qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
3. Şəxsiyyət vəsiqəsini;
4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini;
5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayış.

Seçim iki mərhələdən ibarətdir
I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini bilmə səviyyəsini müəyyən edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.

Test imtahanı 2013-cü il iyunun 16-da keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” iyunun 15-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər.
Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.

Müsahibə 2013-cü il iyunun 17-də keçiriləcək.
Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək.
Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.
Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Ali təhsil müəssisəsi göstərilməyən tibb, mədəniyyət və incəsənətlə bağlı ixtisaslarda oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.

Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər aşağıda göstərilən sənədləri hazırlayacaqlar:
1. Milli pasport;
2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar);
3. Orta təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları I yarımillik üçün qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
4. Tibbi arayış;
5. QİÇS infeksiyasının olmaması barədə arayış;
6. Doğum haqqında şəhadətnamənin surəti;
7. 2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil .

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 May 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib.) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir.

Qəbul olunanların sənədlərini Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.
Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar.

Qeyd: Qeyri-tibb ixtisaslarında mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil müddəti 5 ildir.

AzVision.az

Teqlər: