`Kredit götürmək xətrinə də kredit götürürlər` - Baş bankir

`Kredit götürmək xətrinə də kredit götürürlər` - Baş bankir
  16 İyul 2015    Oxunub:3048
“Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib. Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır".
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-də deyib.

E.Rüstəmov bildirib ki, Mərkəzi Bank son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır Onun sözlərinə görə, Azərbaycan 120 milyon dollardan artıq valyuta alıb: "Təxminən 300 milyon dollardan da çox bizim banklarla əməliyyatımız oldu. Onlar öz valyutalarını bizə təklif etdilər, onun əvəzində biz bazarda manat təklifini, aclığını azaltmaq üçün banklara manat təklif etdik".

E. Rüstəmov bildirib ki, Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır.

"Belə bir şəraitdə Azərbaycan makroiqtisadi inkişaf nümayiş etdirməyi bacarır. Altı ayın yekunlarına görə, milli iqtisadiyyatımız 5,7% artıb. Qeyri-neft sektoru 9%-dən yüksək artıma nail olub. Ölkədə investisiya fəallığı davam edir və fərəhləndirici haldır ki, xarici investisiyalar daxili investisiyaları üstələyir. Altı ay ərzində inflyasiya 3,5% səviyyəsində saxlanılıb. Bu, regionda ən aşağı göstəricilərdən biridir".

E.Rüstəmov daha sonra qeyd edib ki, əhalinin kreditə olan tələbatı həddindən artıq böyükdür.

“İnsanlar kredit götürmək istəyirlər. Bunu çox ciddi araşdırmaq lazımdır. Bunun təbii ki, iqtisadi tərəfləri var. Amma sosial, psixoloji tərəfləri də mövcuddur. Mənə hərdən elə gəlir ki, kredit götürmək xətrinə də kredit götürürlər. Görünür ki, bu məsələ ilə sosioloqlar da bizimlə birgə məşğul olmalıdırlar”, - o deyib.

Sədrin sözlərinə görə, müəyyən əhali qrupunun maliyyə savadlılığı istənilən qənaətbəxş səviyyədə deyil, lakin bu o demək deyil ki, bundan sui-istifadə olunmalıdır.


Teqlər:





Xəbər lenti