Dünyanın ən təhlükəli insanını tapana – 4 milyon mükafat

Dünyanın ən təhlükəli insanını tapana – 4 milyon mükafat
  14 İyul 2015    Oxunub:4785
Meksika rəhbərliyi həbsxanadan qaçan narkobaron El-Çaponun tutulmasına yardım edəcək məlumat qarşılığında təxminən 4 milyon dollar ödəməyə hazırdır.
AzVision.az `TASS~ agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksika DİN və Baş Prokurorluğu birgə məlumat yayıb.

`Bir halda ki, söhbət iki dəfə həbsxanadan qaçan və ictimai təhlükəsizliyi təhdid edən şəxsdən gedir onda baş prokurorluq onun haqqında 60 milyon peso həcmində mükafat elan edir`, – deyə Meksika baş prokuroru Areli Qomes mətbuat konfransında bildirib.

Meksikalı narkobaron Xoakim Quzman ölkədə ən etibarlı həbsxanalardan biri sayılan "Altipano"dan qaçmağı bacarıb.

Nəzarət videokamerası “El-Çapo” (balacaboy) ləqəbli Quzmanı son dəfə iyulun 11-də qeydə alıb. O, hamam otağına daxil olub və bir daha oradan çıxmayıb. Sonradan onun qaçdığı məlum olub.

Bu 1993-cü ildə 20 il azadlıqdan məhrum edilən Quzmanın həbsxanadan artıq ikinci qaçışıdır. İlk dəfə 2001-ci ildə qaçmağa nail olan narkobaronu polis yalnız keçən il həbs etməyə müvəffəq olub. Lakin Quzmana yenidən həbsxanadan qaçmaq üçün bir ildən bir qədər artıq vaxt lazım gəlib.

Onun axtarışlarına 250 polis əməkdaşı və hərbçilər cəlb olunub, bütün qonşu ştatlarda yollar nəzarətə götürülüb, blok-postlar qurulub. Hazırda ölkənin paytaxtına gedən bütün avtomobillər yoxlamadan keçirilir.

Qeyd edək ki, dünyada ən təhlükəli narkobaron hesab olunan "El-Çapo" ABŞ-ın demək olar ki, bütün kokain bazarını əlində cəmləyən Meksikanın iri narkokarteli "Sinaloa"nı nəzarətində saxlayır. Birləşmiş Ştatlar onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib.

Bəzi məlumatlara görə Xoakim Quzmanın varidatı 1 milyard dolları ötüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti