Çempionlar pullarını hara xərcləyəcək? - Ev, istirahət...

Çempionlar pullarını hara xərcləyəcək? - Ev, istirahət...
  10 İyul 2015    Oxunub:13130
“Bakı-2015” "Birinci Avropa Oyunlarında" Azərbaycanı təmsil edən idmançılar ölkəyə 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla ümumilikdə 56 medal qazandırıb.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, yarışlarda qızıl medal qazanan idmançılara isə prezident tərəfindən 100 min, Milli Olimpiya Komitəsi isə 50 min manat pul mükafatı verilib.

Bir neçə gün əvvəl isə taekvondo üzrə 68 kiloqram çəkidə qızıl medal qazanan Ayxan Tağızadə 61 min manata aldığı yeni “Dodge” markalı maşını ilə gündəmə gəlib.

Maraqlıdır, bəs digər idmançılar mükafatlarını necə xərcləməyi planlaşdırır?



Avropa Oyunlarında 71 kq çıki dərəcəsəində yunan-Roma güləşi üzrə qızıl medal qazanan Rəsul Çunayev açıqlamasında bildirdi ki, ona verilən pul mükafatını hələ xərcləmək fikri yoxdur:

“Avropa Oyunları bitəndən sonra hələ də məşqlərimi davam etdirirəm. Sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşıram. Orada qalib gəlsəm, dincələcəm və qazandığım pulu ondan sonra xərcləyəcəm. Hələ ki, planım o pulları karyeram üçün xərcləməkdir. İlk növbədə isə çalışacağam ki, imkanı olmayanlara kömək edim”.



69 kq çəki dərəcəsində keçirilən boks yarışlarında qalib olan Pərviz Bağırov gələcəkdə maşın almağı planlaşdırdığını bildirib:

“Hələ heç dincələ də bilməmişəm, yalnız qohum-əqrəba ilə görüşürəm. Pul mükafatıma gəlincə isə indi yox, gələcəkdə maşın almaq istəyirəm. İndi alsam, başım qarışacaq. Bunu da istəmirəm. Ona görə də əsas fikrimi karyerama yönəltmək istəyirəm”.



Qızıl medal qazanan karateçi Ayxan Mamayevin (84 kq) planı isə ev almaqdır:

“Hələ ki, dəqiq planım yoxdur, amma ilk növbədə ev almaq istəyirəm. Maşın arzum da var, qismət olarsa, gələcəkdə onu da alaram”.



Karate üzrə 4 qat dünya, 10 qat Avropa çempionu olan Rafael Ağayev Avropa Oyunlarının qalibi kimi aldığı pul mükafatını ailəsinə verib:

“Maşın və s. almaq planım yoxdur. Maşallah, maşın da, ev də var. Pulu ailəmə vermişəm, onlar necə məsləhət bilsə, elə də xərclənəcək. Hələ ki, yenidən məşqlərə başlamışıq, Ramazan ayından sonra alınsa, bir həftəlik istirahətə gedəcəm”.

Bu cavablar bir məqamı da üzə çıxardı. İndiyə qədər çempion olub yaxşı pul mükafatı qazanan idmançılar bir çox hallarda qınanırdı. Onlar qəfildən zəngin olandan sonra idmandan uzaqlaşmaqda, dəbdəbəyə meyllənməkdə, idmandan uzaq düşməkdə günahlandırılırdı. Qısa sorğumuzun nəticəsi isə fərqli mənzərəni ortaya qoydu. Cavablar təvazökar və peşəkarlara yaraşan oldu:

“Əsas fikrimi peşəkar karyerama yönəltmək istəyirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti