Sahibkarlara 97 milyon kredit verilib
100-ə yaxın sahibkarın iştirak etdiyi forumda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq, balıqçılıq və arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin birinci yarımili ərzində 2972 sahibkara 97 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artıb.
Bu dövrdə güzəştli kreditlərin 86,2%-i aqrar sektorun, 13,8%-i müxtəlif sənaye və digər sahələrin inkişafına verilib. Kreditlərin 73,5%-i respublikanın regionlarının payına düşür.
Qeyd edilib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1810 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,9 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı komplekslərinin, cins iri heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Qəbələ və ətraf rayonlardan olan 52 sahibkara 693 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qəbələ rayonunun Böyük Əmili kəndində güzəştli kredit ayrılmış ildə 2,2 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib.
Teqlər: