Azərbaycan və BMT müqavilə imzaladı
FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən və Azərbaycanda və Türkiyədə həyata keçiriləcək bu layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunması və kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir. Türkiyə və Azərbaycan qonşu və qardaş ölkələrdir, hökumət və özəl sektorun müxtəlif sahələrində yaxşı münasibətlərə və əməkdaşlığa malikdirlər. Hazırkı layihə, həmçinin iki ölkə arasında bu münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.
Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycan Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin bu ölkələrə qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan hökuməti arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələri, təşkilat tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında verdiyi töhfələr ətrafında müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Azvision.az