Millət vəkilləri Volqoqrada gedirlər

Millət vəkilləri Volqoqrada gedirlər
  05 İyun 2013    Oxunub:1907
Deputatlar Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak edəcəklər
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Cavanşir Feyziyev və Rasim Musabəyov “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak etmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərinə səfərə yola düşəcəklər.

Tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, biznes strukturlarının, KİV-lərin və QHT-lərin nümayəndələri, ekspertlər iştirak edəcəklər. “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” forumunun açılışında bu iki ölkənin dövlət başçılarının iştirakçılara müraciətləri oxunacaq. Plenar iclasda dövlət və hökumət rəsmilərinin çıxışları dinləniləcək, daha sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olacaq.

Tədbir çərçivəsində keçiriləcək dəyirmi masalarda regionlararası əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək. Enerji tərəfdaşlığının intensivləşdirilməsi imkanlarına nəzər salınacaq. İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi diqqət mərkəzində olacaq. Xəzər regionunda sabitliyin təmin olunmasında Rusiya ilə Azərbaycanın rolundan söhbət açılacaq. Rusiya və Azərbaycan gənclərinin yaxınlaşması, yeni nəslin dialoqunun qurulması istiqamətində fikir mübadiləsi aparılacaq. Deputatlarımız dəyirmi masa ətrafındakı diskussiyalarda fəallıq göstərəcək, təkliflər irəli sürəcəklər.

Sonda Forumun nəticələri barədə yekun bəyannamə qəbul ediləcək. Biznes qurumlarının rəhbərləri ilə dəyirmi masa moderatorları birgə mətbuat konfransı keçirəcəklər.
Forum çərçivəsində təşkil edilmiş sərginin təntənəli açılışı, həmçinin Volqoqradın görməli yerlərinin, “Stalinqrad döyüşü qəhrəmanları”nın xatirə kompleksinin ziyarət edilməsi də nəzərdə tutulub.

Səfər iyunun 7-də başa çatacaq.



Teqlər:





Xəbər lenti