Ölənlər arasında azərbaycanlı yoxdur - Tbilisidən xəbər

Ölənlər arasında azərbaycanlı yoxdur - Tbilisidən xəbər
  14 İyun 2015    Oxunub:1954
İyunun 13-dən 14-nə keçən gecə yağan leysan yağışları Gürcüstanın bir neçə bölgəsində, o cümlədən paytaxt Tbilisidə ciddi fəsadlar törədib.
Təbii fəlakət nəticəsində 8 nəfərin öldüyü məlum olub. Ölənlərin sayının artacağı istisna olunmur. İtkin düşən onlarla insanın axtarışları davam edir.

Fəlakət nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Tbilisi yaxınlığındakı Betaniya qəsəbəsində iki ABŞ vətəndaşı sürüşən torpaq altında qalıb. Onlar xilasedicilərin köməyi ilə hadisə yerindən çıxarılıblar.

Ölkə Prezidenti Giorgi Marqvelaşvili leysan yağışlarının ziyan vurduğu ərazilərdə olub, zərər çəkmiş insanlara yardım göstərilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması barədə müvafiq göstərişlər verib.

Dövlət başçısının müşaviri Qeorqi Abaşişvili jurnalistlərə bildirib ki, təbii fəlakətdən ziyan çəkmiş insanlara yardım göstərilməsi üçün prezidentin ehtiyat fondundan vəsait ayrılacaq.

Tbilisi şəhərinin meri David Narmaniya qeyd edib ki, gecə yağan leysan yağışları nəticəsində şəhərin bəzi hissələrində torpaq sürüşməsi baş verib, çaylar daşıb, bir neçə ev, avtomobil, küçə və tunellər, eləcə də zoopark su altında qalıb, şəhər infrastrukturuna ciddi ziyan dəyib. İlkin hesablamalara görə, şəhər infrastrukturuna dəyən ziyan 10 milyon laridən (təqribən 4,6 milyon dollar) çoxdur.

Şəhər merinin müavini İrakli Lekvinadzenin verdiyi məlumata görə, Vake rayonunda 40 ailə evsiz qalıb. Leysan yağışları nəticəsində Tbilisinin mərkəzindəki bəzi küçə və tunellərdə avtomobillərin hərəkəti tam dayandırılıb.

Bölgələrdə də bir neçə kəndi su basıb, evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. Axaldaba kəndi su altında qalıb. Bu kənddə 16 nəfər helikopter vasitəsilə xilas olunub. (Azərtac)


Teqlər:





Xəbər lenti