Özünü öldürənlərin kredit borcunu kim verəcək? - VİDEO

Özünü öldürənlərin kredit borcunu kim verəcək? - VİDEO
  09 İyun 2015    Oxunub:3122
Kredit götürüb onu ödəyə bilməyənlərin bəziləri isə hətta ölümü seçir. Artıq heç bir çıxış yolu görməyən insan elə düşünür ki, ölümü ilə borcunu da bağlamış olacaq. Amma bu, heç də belə deyil.
ANS TV-nin məlumatına görə, mövcud qaydalara əsasən, kredit götürən hər bir şəxsin həyatı sığorta olunur. Bu o deməkdir ki, həmin şəxs hər hansı qəza və ya ağır xəstəlik nəticəsində ölərsa, yaxud əmək qabiliyyətini itirərsə, onun banka olan borcunu sığorta şirkəti ödəyəcək. Amma burada xeyli istisnalar var. Özünü öldürən şəxsin kreditini sığorta şirkəti bağlamır.

“Şəxs hər hansı səbəbdən intihar edirsə, onun banka olan borcunun qaytarılmasını sığorta şirkəti nəzərdə tutmur. Kredit götürən şəxs sərxoş halda, narkotik təsiri altında, yaxud qərəzli şəkildə, qəsdən törətdiyi qəza, hadisə nəticəsində sağlamlığını itirirsə, sığorta ödənişi edilmir”, – deyə sığorta şirkətinin nümayəndəsi Ramin Məmmədov bildirib.

Ağır xəstəlik nəticəsində əmək qabiliyyətinin itirilməsi, yaxud ölümlə bağlı da istisnalar var. Mütəxəssislər bildirir ki, əslində sığorta şirkətləri vətəndaşın həyatını sığortalamazdan əvvəl onun hansı xəstəlikləri olduğunu yoxlamalıdır.

Sağalmaz xəstələrin həyatı sığortalanmır. Amma təcrübədə sığorta şirkətləri hər kəsi ayrı-ayrılıqda müayinəyə göndərməkdənsə, onlara bir sorğu blankı doldurmağı təklif edir. İnsan daha əvvəl hər hansı xəstəlikdən əziyyət çəkib, bunu müqavilədə qeyd etməyibsə, bu da sığorta ödənişindən imtinaya səbəb ola bilər.

Sığorta şirkətinin nümayəndəsi Ramin Məmmədov qeyd edir ki, əgər şəxs ürək çatışmazlığından əziyyət çəkib, bunu müqavilədə qeyd etməyibsə belə, hadisə baş verərkən araşdırılır: “Əgər ölümün səbəbi məhz ürək çatışmazlığıdırsa, onda mümkündür ki, sığorta şirkəti ödəniş verməkdən imtina etsin”.

Sığorta şirkəti borcu qaytarmaqdan imtina etdikdə, bank bu öhdəliyi şəxsin əmlakı varsa, əmlakına yönəldir. Əks halda zaminlərdən, varislərdən bu, borc tələb olunur.




Teqlər:





Xəbər lenti