`Azərbaycanın təhlükəsiz dövlət imicini qorumalıyıq` - Eldar Mahmudov

`Azərbaycanın təhlükəsiz dövlət imicini qorumalıyıq` - Eldar Mahmudov
  03 İyun 2015    Oxunub:1671
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
MTN-in İctimai Əlaqələr İdarəsindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış və abidəsi önünə gül dəstəsi qoyulmuşdur. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik etmişdir. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən E.Mahmudov məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının Ümummilli liderin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu bildirmişdir. Nazir məzunların bu xüsusi təyinatlı ali təhsil müəssisəsində aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri gənc zabit kimi vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacağını vurğulamışdır.

E.Mahmudov qeyd etmişdir ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Məhz buna görə də Ümummilli liderin təşəbbüsü ilə belə bir Akademiya yaradılmış və burada gənc zabitlərə xüsusi xidmətin təkrarsız ustadı olan Heydər Əliyev məktəbinin dərslərini almaq şərəfi nəsib olmuşdur. Bu xüsusi təyinatlı ali təhsil ocağı iftixarla Ulu öndərin adını daşıyır, onun vətənpərvərlik və peşəkarlıq irsinə daim sadiqdir.

Ölkənin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şəxsin dərin biliyi, məsuliyyəti və vətənpərvərliyi ilə seçilməli olduğunu qeyd edən general-polkovnik E.Mahmudov bütün bunların öz növbəsində hər bir zabitdən əzmkarlıq və qətiyyət tələb etdiyini, eyni zamanda, bu sahədə Akademiyanın rəhbərliyinin və kollektivinin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirmişdir. MTN-in Heydər Əliyev adına Akademiyası indi təlim-tədrisin və xidmət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Gələcək əməkdaşların yüksək peşə, fiziki, mənəvi-psixoloji hazırlığı üçün burada hər cür imkanlar vardır. İntellektual vəsait imkanlarının və maddi-texniki bazanın daim gücləndirilməsi, eləcə də digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Xüsusilə son 10 ildə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Akademiya böyük inkişaf yolu keçmişdir.

Nazir E.Mahmudov bildirmişdir ki, əldə olunan nəticələrdə möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən onun xüsusi təyinatlı Akademiyasına göstərdiyi qayğı və diqqətinin böyük rolu vardır. Bu bütün şəxsi heyəti ruhlandırır. Ümumiyyətlə, ölkə gənclərinin daim dövlətçilik prinsipləri üzrə tərbiyəsi və onların sabitlik, inkişaf və yeniləşmə siyasətində fəal iştirakları Azərbaycanın gələcəyinə böyük inam yaradır. Dövlətimiz hər zaman gənclərin problemləri ilə məşğul olur, onların hərtərəfli inkişafına diqqət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış müxtəlif Dövlət Proqramları sayəsində gənclər siyasəti uğurla həyata keçirilir. Vətənpərvərlik və dövlətçilik ideallarına sədaqət, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət isə həmişə ön sırada durur. E.Mahmudov bildirmişdir ki, azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları hər zaman ölkəmizin uğurlarının stimulu və rəhnidir. Bu mənada, milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu ölkə rəhbərliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ardıcıl siyasətinə əlverişli şərait yaratmaqdır. Bu, hər bir əməkdaşın bir nömrəli vəzifəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, indi Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”.

Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malikdir. Bunu rəqiblərimiz də etiraf edirlər. Ötən dövr ümumən ölkə, həmçinin Milli Təhlükəsizlik Nazirliyi üçün uğurlu olmuşdur. Dünyada və regionun bir çox yerlərində qaynar nöqtələrin və böhranların olmasına baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurlar qazanır. Biz qürur duyuruq ki, bu inkişafda Milli Təhlükəsizlik Nazirliyinin də öz rolu və yeri vardır. Səmərəli fəaliyyətimizin ən başlıca məqsədi isə Azərbaycanın sabit, daim tərəqqi edən təhlükəsiz dövlət imicinin qorunub saxlanması və bugünkü dinamik inkişafa töhfə verməkdir.

Qeyd olunmuşdur ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi effektiv tədbirlər nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə ardıcıl uğurlar əldə edilir. Əlbəttə, təhdidlərin artması milli təhlükəsizliyə cavabdeh orqanlardan yüksək peşəkarlıq, bilik, çeviklik və səriştə tələb edir. Gənc əməkdaşlar vəzifə borcuna ilk gündən məsuliyyətlə yanaşmalı, biliklərini, dünyagörüşlərini daim artırmalı, yeni texnologiyaları mənimsəməlidirlər. Eyni zamanda, onlar hər cür yad ideologiyalardan uzaq durmalı, milli maraqların qorunmasında başqalarına nümunə olmalıdırlar. Akademiyada təhsil alan və Milli Təhlükəsizlik Nazirliyində yeni işə qəbul edilmiş gənclər məhz bu ruhda yetişir. Milli təhlükəsizlik orqanlarına işə qəbulda vətənpərvərlik, dövlətçiliyə və müstəqilliyə sədaqət, intellektual səviyyə əsas şərtdir. Kadrların təkmilləşdirilməsində müasir texnologiyaları, xarici dilləri öyrənmək və sair bu kimi tədbirlər daim diqqət mərkəzində saxlanılır.

E.Mahmudov bir neçə gündən sonra idman tarixində birinci dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin hərtərəfli və yüksək səviyyədə baş tutması üçün geniş hazırlıq işlərinin görüldüyünü, o cümlədən təhlükəsizlik üzrə bütün aidiyyəti orqanların qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd etmişdir.

Azərbaycanda beynəlxalq səviyyəli bu cür idman tədbirinin uğurla keçirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər olunmalı, ilk Avropa Oyunlarının sülh, dostluq və əməkdaşlıq bayramına çevrilməsində bütün səylər birləşdirilməlidir.

Milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirmiş və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışmışdır. Z.Yusif-zadə sıralarında Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailliyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, müstəqil Azərbaycanı bizlərə bəxş etmiş Ulu öndər Heydər Əliyevin “Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları hərtərəfli əməliyyat biliklərinə malik olmaqla yanaşı, vətənimizin daxili və xarici siyasətini, beynəlxalq aləmdə cərəyan edən prosesləri daim izləməli xalqımıza, dövlətimizə hədsiz sədaqətli olmalıdırlar. Sədaqət, sayıqlıq, vətənpərvərlik sizin fəaliyyətinizin əsas devizi olmalıdır” milli təhlükəsizlik orqanları əməkdaşları haqda atalıq qayğıkeşliyilə deyilmiş bu qiymətli kəlamları bugünki məzunlar özlərinin gələcək fəaliyyətlərində Akademiyada aldıqları biliklərə əsaslanaraq daim rəhbər tutacaq və qarşılarında qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklər.

Akademiyanın məzunları leytenant Kamal Qəmbərli və leytenant Aslan Həmidov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirmişlər. Gənc zabitlər Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildirmişlər.

Sonra milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov və general-leytenant Z.Yusif-zadə Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim etmişlər. Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər.

Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilmişdir. Muzeyin mərasim salonunda E.Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri vermişdir. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilmişdir.

Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov məzunların valideynləri ilə görüşmüşdür.


Teqlər:  





Xəbər lenti