Vyetnam Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
Vyetnam prezidentinin sözlərinə görə, hər iki tərəf razılığa gəlib ki, nümayəndə heyətlərinin səfərlərinin, xüsusən də yüksək səviyyəli səfərlərin sayı artsın: “Cənab prezident qeyd etdi ki, son bir il ərzində biz olduqca mühüm iki dövlət səfərini həyata keçirdik. Bu, bir daha bizim etimada əsaslanan münasibətlərimizi nümayiş etdirir. Bizim xarici işlər nazirliklərimiz arasında daha sıx məsləhətləşmələrin aparılması vacibdir ki, beynəlxalq səviyyədə atdığımız addımlarımızı əlaqələndirək. Nümayəndə heyətlərinin səfərləri daha da artmalıdır. Müxtəlif nazirliklər və qurumlar arasında səfərlər mübadiləsi aparılmalıdır. Biz imzalanmış sazişləri icra etməliyik. Biz, həmçinin qeyd etdik ki, artıq imzalanmış sazişlər həyatda öz əksini tapsın və bu gün imzalanan sazişləri də icra edək. Biz bu gün nəzərdən keçirməliyik ki, yaxın gələcəkdə daha hansı sazişləri imzalayaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək”.
Ç. Şanq ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırıb, bu sahədə yaxşı perspektivlərin olduğunu bildirib. “Ölkələrimiz arasında əməkdaşlıq artıb. 2014-cü ildə ticarət dövriyyəsi 422 milyon ABŞ dolları təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 30 faiz artım deməkdir. Qeyd etmək istəyirik ki, hökumətlərarası komissiyanın ilk iclası keçirilib. Bu məqsədlə biz neft və qaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir. Bu əlaqələrimizin strateji əsası var. Çünki prezidentimiz Xo Şi Min vaxtilə Bakıda zəngin neft-qaz yataqlarına səfər etdikdə onun bir arzusu var idi ki, biz bu sahələrdə birgə işləyək”, - deyə o qeyd edib.
Vyetnamın prezidenti regional təhlükəsizliyin təmin olunmasının sülh və danışıqlar yolu ilə həllinin vacibliyini də vurğulayıb: “Biz istərdik ki, məhz Vyetnam ilə Azərbaycan arasındakı əməkdaşlıq, dostluq geniş şəkildə inkişaf etsin. Bu, hər iki ölkəyə, bizə çox konkret fayda verəcək”.
AzVision.az