Tibb bacıları `çavuş` oldu - FOTO

Tibb bacıları `çavuş` oldu - FOTO
  15 Aprel 2015    Oxunub:2232
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması günü münasibəti ilə tibb müəssisəsində tədbir keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları hospitalın həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, müasir Azərbaycan dövlətinin banisinin əziz xatirəsini yad ediblər.

Bu əlamətdar gün münasibəti ilə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan ətraflı danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

"Bu gün fəxrlə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin vaxtı ilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır", sözləri artıq reallığa çevrilib", - deyə general-mayor N.Əliyev bildirib. Qeyd olunub ki, hərbi qulluqçuların istifadəsinə verilən hərbi tibb müəssisəsi o dövr üçün postsovet məkanında analoqu olmayan idi. Əlamətdar haldır ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev altımərtəbəli müasir cərrahiyyə korpusunun açılışda iştirak edib. Ümumi sahəsi 30 min kvadratmetr olan 560 çarpayılıq, müasir avadanlıq ilə təchiz olunan 27 müalicə-diaqnostika bölməsindən ibarət ikinci müalicə koprusu da 2013-cü il iyunun 25-də Ali Baş Komandan cənab İlham Əliyevin xeyir-duası ilə hərbi qulluqçuların istifadəsinə verilib.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim Silahlı Qüvvələrin Baş Klinik Hospitalının inkişafına qayğı göstərir.

Sonra hospitalın təcrübəli tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə hospitalın şəxsi heyətini təbrik ediblər.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsi və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə "çavuş" hərbi rütbəsi verilib.

Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.


Teqlər:





Xəbər lenti