“Space” və “Lider”ə Xəbərdarlıq
Qeyd edilib ki, Şura hələ 01 mart 2006-cı il tarixdə sözügedən problemlərin də əksini tapdığı normativ hüquqi akt - «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar» qəbul edib. Məqsədəuyğun olardı ki, uşaqlara diqqət əlaməti olaraq kriminal xarakterli xəbərlər bir qayda olaraq saat 23:00-dan sonra efirə verilsin.
Bu Qaydaların pozulmasına görə Şura tərəfindən yayımçılara qarşı dəfələrlə müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilib:
“Məsələn, 22 noyabr 2014-cü il tarixdə saat 20.30-da efirə gedən “Hər gün” xəbərlər-informasiya proqramının yayımı zamanı dayə tərəfindən azyaşlı uşağa qarşı zorakılıq, fiziki xəsarətyetirmə səhnəsi nümayiş etdirdiyinə görə “Space” kanalına xəbərdarlıq edilib. Eyni hala görə “Lider” televiziyası isə 25 dekabr 2014-cü ildə xəbərdarlıq alıb.
Xəbər proqramlarından əlavə, bəzi telekanallarda kriminal materiallardan ibarət ayrıca verilişlər də var. Məsələn, İctimai TV-də həftədə 6 gün olmaqla gecə saatlarında "Qanundan kənar" adlı sırf kriminal xəbərlərdən ibarət proqram yayımlanır. Region TV-də isə ayrıca "Hadisə", "Kriminal" adlı kriminal-informasiya proqramları yayımlanır. ANS telekanalında yayımlanan kriminal səpkili verilişlər siyahısına bazar günü efirə gedən “Cinayət işi” verilişini də aid etmək olar. Bundan əlavə ANS TV-nin “İç xəbər” və “Növbətçi” verilişlərində də kriminal xəbərlərə geniş yer verilir. Space telekanalında isə kriminal tipli verilişlərə "Siqnal" və "Cinayət məqamı" verilişlərini aid etmək olar.
Sevinc İltifatqızı
AzVision.az