Ustalıqdan məmurluğa gedən yol...

Ustalıqdan məmurluğa gedən yol...
  10 Aprel 2015    Oxunub:3002
Bu gün Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun doğum günüdür.
AzVision.az-ın məlumatına görə, baş nazirin müavini 67 yaşını qeyd edir.

Xatırladaq ki, Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirib.

O, 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləyib.



1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-cı ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışıb.

Ə.Həsənov 1990-cı ildə respublika Ali Sovetinin, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.



1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.
Ə.Həsənov eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilib.

Ailəlidir, 2 övladı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti