Hamını düşündürən sual: Manat yenidən ucuzlaşacaqmı?

Hamını düşündürən sual: Manat yenidən ucuzlaşacaqmı?
  08 Aprel 2015    Oxunub:3408
“Manatın məzənnəsi valyuta bazarı tərəfindən deyil, Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Bu baxımdan növbəti dövrdə manatın məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil”.

Bunu AzVision.az-a iqtisadçı ekspert Vüqar Bayramov Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarından sonra manatın kəskin ucuzlaşacağı haqda iddiaları şərh edərkən bildirib.

Ekspertin fikrincə, manatın ucuzlaşacağını indidən müəyyən etmək mümkün deyil: “Ümumiyyətlə Mərkəzi Bankın rəsmi məzənnəsinin təhlili göstərir ki, aprel ayında hər gün əvvəlki günlərə nisbətən Mərkəzi Bank manatın məzənnəsini aşağı müəyyənləşdirib. Əslində biz gözləyirdik ki, Mərkəzi Bank Rusiya variantından istifadə edəcək. Rus rublunun məzənnəsi aşağı düşdükdən sonra Rusiyanın Mərkəzi Bankı rublun məzənnəsinin müqayisəli yaxşılaşdırılmasına nail olmaqla rubla olan inamı nisbətən qaytarmağa çalışdı. Bu da əsasən dollarlaşmanın qarşısını müəyyən qədər aldı”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin aprel ayının digər günləri ilə müqayisədə aşağı müəyyənləşdirməsi dollarlaşma prosesini sürətləndirir.

“Manata olan inamın bərpa edilməsinə imkan vermir. Daha məqsədə uyğundur ki, Mərkəzi Bank ümumiyyətlə məzənnə müəyyənləşdirən zaman milli valyutaya olan inamın qaytarılmasına ünvanlanan məzənnələri müəyyənləşdirsin. Növbəti mərhələdə manatın məzənnəsi birbaşa neftin dünya bazarındakı qiymətində və regionda baş verən proseslərdən asılı olacaq”.

V.Bayramov həmçinin bildirib ki, Mərkəz Bankın sədri 2015-ci ildə kəskin devalvasiya olacağını gözləmədiyini deməklə yanaşı, eyni zamanda qeyd edib ki, bu dünya bazarında neftin qiymətinin necə dəyişəcəyindən asılı olacaq: “Növbəti mərhələdə milli valyutanın məzənnəsinin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın intervensiya xərclərindən asılı olacaq. Mart ayında Mərkəzi Bank 1 milyard dollar vəsait xərcləyib. Əgər növbəti dövrdə Mərkəzi Bankın intervensiya xərcləri artarsa, o zaman Mərkəzi Bank yenidən manatın məzənnəsini aşağı sala bilər. Dollarlaşma prosesi dayanarsa, Mərkəzi Bank intervensiya xərclərində müəyyən qədər azalmalar baş verərsə, o zaman manatın məzənnəsinin stabilləşməsi mümkündür. Bu baxımdan proseslər birbaşa əsas bankın hansı səviyyədə məzənnə siyasətini həyata keçirəcəyindən asılı olacaq. Mərkəzi Bank birmənalı şəkildə çalışmalıdır ki, cüzi möhkəmləndirmələr hesabına milli valyutaya olan inamın mərhələli bərpa edilməsinə nail ola bilsin”.

Qeyd edək ki, Bakıda keçiriləcək Avropa Olipmiya oyunlarından sonar manatın kəskin şəkildə ucuzlaşacağı haqda şayiələr yayılıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti