“Doğuş zamanı ana ölümünün səbəbkarı anestezioloqdur” – İddia

“Doğuş zamanı ana ölümünün səbəbkarı anestezioloqdur” – İddia
  24 Mart 2015    Oxunub:2172
Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümünün ilkin səbəbi müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu barədə mərhumun yaxın qohumu Cavid Musazadə Trend-ə açıqlamasında bildirib ki, 29 yaşlı İlahə Musazadənin “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölməsinə səbəb anestezioloqun məsuliyyətsizliyi olub: “Mən özüm həkiməm. Bu tibbi prosedurlarla bağlı məlumatlıyam. Təbii yolla baş verən doğuşu ağrısız etmək üçün xəstə anestaziya olunub. Bu zaman xəstənin halı pisləşib və ürəyi dayanıb”.

C.Musazadə deyib ki, anestezioloq iynəni xəstəyə düzgün vurmayıb: “Xəstə epidural anesteziya olunmalı idi. Həkim səhvindən epidural anesteziya ya venaya düşüb, ya da ispinal kanala. Doğuş başlamamışdan xəstə şoka düşərək ölüb. Ana nevrogen şok olduğundan, uşaq dünyaya gəlib”.

Xatırladaq ki, Trend öncədən məlumat vermişdi ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb.

“Astoriya” Tibb Mərkəzindən hadisənin baş verməsini Trend-ə təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.

Xatırladaq ki, digər bir ölüm hadisəsi martın 17-də “StarMed” özəl klinikasında da baş vermişdi.

Trend-in yaydığı məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı da martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. “StarMed”in fəaliyyəti dayandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti