Bayram günləri manat ucuzlaşıb- İqtisadçı

Bayram günləri manat ucuzlaşıb- İqtisadçı
  24 Mart 2015    Oxunub:3028
“Son günlər Bakının valyuta dəyişmə məntəqələrində manatın ucuzlaşması və buna uyğun olaraq xarici valyutaların, xüsusən də ABŞ dollarının məzənnəsində artımlar müşahidə edilir”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Novruz bayramından sonra manat yenidən dəyər itiməkdədir.

“Demək olar, əksər valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın müəyyənləşdirdiyi 2 faizlik marjda ən yüksək kursu təklif edirlər. Mərkəzi Bankın martın 19-da təsadüf edən sonuncu rəsmi məzənnəsində 1 ABŞ dolları üçün 1.0486 manat müəyyənləşdirilsə də əksər valyuta dəyişmə məntəqələrində dollar 1.067 manata təklif edilir. Apardığımız monitorinqlər göstərir ki, hələlik valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı müəyyənləşdirdiyi limit-meyarlarına əməl etməyə çalışırlar”.

Bəs, bayram günlərində manatın daha da ucuzlaşması nə ilə bağlıdır?

“Manatın kursunun aşağı düşməsi və dolların məzənnəsinin yüksəlməsi xarici valyutalara tələbin artması və əksinə xüsusən də dollar təklifinin azalması ilə bağlıdır. Novruz bayramında qeyri-iş günlərinin sayı çox olması xaricə istirahətə gedənlərin sayının artmasına səbəb olub. Xaricə gedən vətəndaşlarımız isə öz manatlarının bir qismini xarici vaıyutalara xüsusən də, dollara çeviriblər. Bu isə valyuta dəyişmə məntəqələrində xarici valyutalara tələbi artırıb. Eyni zamanda, qeyri-iş günlərin uzun müddətli olması və bu müddətdə Mərkəzi Bankın və eləcə də kommersiya banklarının işləməməsi valyuta dəyişmə məntəqələrində dollar qıtlığı yaradıb. Mərkəzin Bank bayram günlərində, praktik olaraq, valyuta bazarına intervensiya etmir və baş bank dollara olan tələbin ödənilməsində “bayram günləri” götürüb. Kommersiya banklarının, demək olar, hamısının qeyri-rəsmi iş günləri fəaliyyət göstərməməsi də dollar təminatını xeyli aşağı salıb. Bu baxımdan, dollara artan tələbi heç də bütün valyuta dəyişmə məntəqələri qarşılaya bilmirlər.

Güman edilir ki, növbəti rəsmi iş gününədək dolların məzənnəsi yüksək olaraq qalacaq. Yalnız Mərkəzi Bankın yenidən intervensiya baş verdiyi halda məzənnənin stabilləşməsi müşahidə etmək mümkün ola bilər”-deyə V.Bayramov vurğulayıb.

Anar


Teqlər:





Xəbər lenti