Manat dəyərdən düşəcəkmi?

Manat dəyərdən düşəcəkmi?
  17 Fevral 2015    Oxunub:4021
“Mərkəzi Bankın dollardan istifadə etməsi manatın dəyərdən düşməsi anlamına gəlməli deyil”.
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın yeni qərarı manatın məzənnəsini müəyyənləşdirən zaman dollardan olan asılılığın aradan qaldırılmasına hesablanıb:

“Əvvəl manatın yalnız dollara birbaşa kursu müəyyyən edilirdi, digər valyutalara isə çarpaz kurs müəyyən edilirdi. Son qərardan sonra manatın məzənnəsi müəyyənləşdirilən zaman dollarla yanaşı eyni zamanda avronun dünya bazarındakı dəyişməsi manatın məzənnəsində öz əksini tapacaq. Belə ki, avro ilə çarpaz kurs ləğv olunur, avro ilə birbaşa kurs müəyyənləşdirilir”.

Ekspert bildirib ki, Mərkəzi Bank manatın devalvasiya edəcəyini bəyan etməyib. İqtisadçı qeyd edib ki, bununla belə manatın devalvasiyası istisna edilmir:

“Manat avro və dollara nisbətən məzənnəsini müəyyən qədər itirəcəyi halda, milli valyutanın məzənnəsinin kəksin azalacağı proqnozlaşdırılmır. Ümumiyyətlə Azərbaycanda manatın məzənnəsində kəskin azalma gözlənilmir. Qonşu və MDB ölkələrində müşahidə edilən kəskin məzənnə azalmaları Azərbaycanda proqnozlaşdırılmır. Manatın məzənnəsi hətta gələcəkdə aşağı düşsə də belə, bu birmənalı şəkildə 2015-ci ildə manatın kəskin ucuzlaşması anlamına gəlməyəcək. Manatın devalvasiyası olduğu halda yumşaq olacaq. Bütün hallarda manatın dollar və avroya nisbətən məzənnəsində kəskin azalma gözlənilmir”.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində manatın dollardan asılılığını azaldacağını deyib. AMB sədrinin sözlərinə görə, büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir.

“Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik. Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək".

E. Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir və bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır.

Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti