Girovlarla bağlı konfrans keçirilib
Tədbiri giriş sözü ilə açan İsmayıl Ağayev konfrans haqqında iştiraçılara məlumat verib. Daha sonra o çıxışında ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qondarma “məhkəmə” hökmünə beynəlxalq təşkilatların ikili standartla yanaşdığını bildirib. Tədbirdə iştirak edən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev və oğlu Babək Əsgərov çıxış edərək girovluqda olan qardaşının azad edilməsi istiqamətində fəaliyyət göstərən,öz etiraz səsini qaldıran Azərbaycan dövləti başda olmaqla bütün təşkilatlara öz minnətdarlığını bildirib.
Qarabağ Müharibəsi Veteranları Birliyini sədri Fizuli Rzaquliyev çıxış edərək Qarabağ ətrafında sülh danışıqlarının artıq səmərə vermədiyini hamı tərəfindən birmənalı şəkildə qəbul edildiyini qeyd edərək, Qarabağın erməni işğalından azad edilməsi istiqamətində Azərbaycanı tez bir zamanda müharibəyə başlamağa çağırdı. Daha sonra konfransda çıxış edən akademik Vəli Əliyev, DAK-ın qərbi Azərbaycan departamentinin rəhbəri Səməndər Mehdiyev, Akif Məmmədov, araşdırmaçı Qafar Çaxmaqlı, XX Əsrin Qadınları İB-nin sədri Mahirə Əmirhüseynova, Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Rizazadə, prof. Ənvər Əhməd və başqaları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən, eyni zamanda azərbaycanlı girovlara qarşı qeyri-insani əməllərini qeyd edərək dünya birliyini işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Konfransda 30-dan artıq QHT rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edib. Konfransın sonunda beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul olundu. Sonda qəbul olunmuş bəyanat Beynəlxalq Diaspor Mərkəzi, Dünya Azərbaycanlıları Konqresi, ASİM-DER, Azərbaycan Müharibə Veteranları Birliyi və konfransda iştirak edən digər QHT-lər tərəfindən imzalanıb.
Bəyanatda deyilir:
Ermənistan ordusu tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qondarma “məhkəmə” qurularaq, onlar haqda hökm çıxarılmışdır. Bütün dünyanın və beynəlxalq təşkilatların Azərbaycanın ərazisi kimi tanıdığı, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və onlara qarşı uydurma “istintaq prosesinin” qurulması və işgəncələrin həyata keçirilməsi beynəlxalq humanitar, hüquq və Cenevrə konvensiyalarının müddəalarının kobudcasına pozulmasıdır.
Azərbaycanlı girovlardan işgəncələr altında ifadələrin alınması və onlara azərbaycanlı olduqlarına görə divan tutulması dünya ictimaiyyətinin diqqətindən yayınmamalıdır. Ermənistan hakimiyyətinin əsl çirkin məqsədi girovlardan təziq vasitəsi kimi Azərbaycana qarşı istifadə etməkdir. 25 ildən artıqdır ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistan dövləti azərbaycanlı əsir və girovlara qarşı eyni, qeyri-insani, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq işgəncələrini davam etdirməkdədir. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə nizamlayıcısı rolunu oynayan ATƏT-in Minsk qrupu hər bir suveren dövlət kimi Azərbaycan Respublikasının da ərazi bütövlüyünü tanıyan BMT-nin Təhlükəsizlik Şurası, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatlar hələ də Ermənistanın işğal siyasətinə göz yumur.
Bundan cəsarət alan Ermənistanın, Azərbaycan vətəndaşlarına, dinc sakinlərə qarşı erməni silahlı birləşmələri tərəfindən həyata keçirdiyi hərbi cinayətlər cəzasız qalmaqdadır və onlara heç bir beynəlxalq hüquq müstəvisində qiymət verilməməkdədir. Ermənistan hakimiyyəti öz təcavüzkar əməllərini, hərbi cinayətlərini ört-basdır etmək məqsədilə Azərbaycan ərazilərində qondarma Dağlıq-Qarabağ rejimi yaratmışdır. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı məhz bu qondarma rejim tərəfindən qurulmuş qondarma “məhkəmə” hökmünün heç bir əsası ola bilməz. Bütün bunları qeyd edərək, Ermənistan hakimiyyətini beynəlxalq hüququn norma və prinsiplərinin məsuliyyətini dərk etməyə və azərbaycanlı girovların dərhal azad olunmasına çağırılmasını beynəlxalq təşkilatlardan tələb edirik.
ATƏT-in Minsk qrupunu, BMT-nin Təhlükəsizlik Şurasını, xüsusilə qərbin aparıcı dövlətlərini ikili standartlardan əl çəkməyə, təcavüzkar Ermənistana qarşı təziqlərin artırılmasına və işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı çıxarılmış qətnamələrin icra edilməsinə çağırırıq.
Teqlər: