`Kənd təsərrüfatı ili`ndə hansı işlər görülməlidir?

`Kənd təsərrüfatı ili`ndə hansı işlər görülməlidir?
  15 Yanvar 2015    Oxunub:2806
Azərbaycan Prezidenti 2015-ci ili `kənd təsərrüfatı ili` adlandırıb. İqtisadi diversifikasiya və qeyri-neft sektorunun şaxələnməsi aspektindən bu il aqraq sektorun inkişafına daha çox diqqət ayrılması müsbət haldır. Ümumi Daxili Məhsulda payı 6%-dən az olan sözügedən sektorda hazırda əmək qabiliyyətli əhalinin 38 %-nin çalışdığını nəzərə alsaq, təbii ki, bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir.
AzVision.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov kənd təsərrüfatı ilində həyata keçirilməsinə ehtiyac olan bir çox işlər var. O, qeyd edib ki, ilk olaraq subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməsinə ehtiyac var. Onun sözlərinə görə, subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir:

“Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. Bundan başqa Aərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Yəni, fermerin hansı həcmdə məhsul istehsal etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır”.

Ekspert hesab edir ki, subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni, daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Onun sözlərinə görə, az istehsal edən fermer isə az subsidiya almalıdır:

“Yəni, faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə subsidiyalar fermerləri daha çox məhsul istehsal etməyə təşviq etməlidir. İkincisi, subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac var. Mövcud mexanizmlər bəzi hallarda vəsaitin fermerə çatmasına imkan vermir. Bu baxımdan, subsidiyaların müəyyənləşdirilməsi işinə və prosesin monitotinq edilmısinə vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi olduqca vacibdir”.

V.Bayramov korperativlərin, klasterlərin yaradılması prosesinin sürətlənməsinə də ehtiyac olduğunu deyir. Onunun sözlərinə görə, korporativlərin yaradılması fermerlərin rəqabət imkanlarının genişlənməsinə səbəb ola bilər. Klasterlər isə bu gün bütün inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilən metodlardan biridir. İqtisadçı həmçinin bildirib ki, klasterlər yalnız fermerlər deyil, eyni zamanda müxtəlif universitetlərdə olur:

“Onlar birgə müəyyənləşdirirlər ki, gələn il hansı məhsul istehsal edilməldir. Korperativlərin fermerlərinin xərclərinin azaldılmasına gətirib çıxara bilər. Həmçinin məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması üçün təhlil və məsləhət xidmətinin həyata keçirilməsi vacibdir. Fermerlərə hansı məhsula daha çox tələb var və bazarlar üzrə bölüşdürülməsi necə həyata keçirilməsi barədə mütəmadi məlumatlar verilməldir. Əgər aqrar sektor əvvəlki kimi, fərdi şəkildə istehsalatla məşğul olacaqsa, onun payı çoxalmayacaq. Burada mənfi tendensiya almış hallardan biri də odur ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Bu il soğanın qiyməti yüksək olursa, gələn il soğan istehsal edirlər. Bolluq da ona gətirir ki, onların istehsal etdiyi soğan çürüyür. Yaxud da hansı məhsulun qiyməti aşağıdırsa, gələn il ondan istehsal etmirlər. Ona görə də fermerlər gələn illər üzrə tələbata uyğun planlaşdırma aparmalıdırlar”.

Fermerlərə ixrac subsidiyasının verilməli olduğunu da təklif edən V.Bayramovun sözlərinə görə, dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir. Bu zaman daha çox məhsul ixrac edən fermer təssərrüfatları dövlətdən subsidiya alaraq maliyyə imkanlarını genişləndirə bilirlər:

“Aqroparkların yaradılması prosesi sürətlənməlidir. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran və Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. Eyni zamanda, müvafiq icra qurumları hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmaslna ehtiyac var.

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılmasının sürətləndirilməsi vacibdir. Bu sistemdə aqrar sektor üzrə məlumatların əks etdirilməsi ilə yanaşı eyni zamanda subsidiayaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da subsidiyaların verilməsində nöqsanların olduğunu aşkar etdiyini nəzərə aldıqda fərmanın tələblərinə uyğun olaraq bu prosesdə şəffaflığın artırılmasının ciddi əhəmiyyəti var.

Xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texninka və avadanlıqlarının istehsalının həyata keçirilməsinə ehtiyac var. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki, bu sözügedən istiqamətdə idxaldan asıllığı aradan qaldırmaqla yanaşı eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmaqa imkan verər. Bu məqsəd ilə ən uyğun bölgə Gəncə şəhəri hesab edilir.

Aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkili vacibdir. Bu sahədə peşə yönümlü təhsil müəssisələrinin yaradılması olduqca önəmlidir. Keçmiş ittifaq dövründə belə məktəblər fəaliyyət göstərsə də təəssüf ki, müstəqillik illərində onların işi dayandırıldı. Bu baxımdan, qısa müddətlə peşə ixtisaslarının təşkil edilməsinə ehtiyac var. Belə peşə məktəbləri Lənkəran, Şəki, Gəncə kimi bu sahədə ənənəsi olan şəhərlərdə formalaşdırıla bilər”.


AzVision.az


Teqlər:  





Xəbər lenti