Aida Mahmudova “ASAN xidmət”dən danışdı

Aida Mahmudova “ASAN xidmət”dən danışdı
  06 May 2013    Oxunub:3095
YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova tədbir haqqında fikirlərini bölüşüb.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində birgə sərgi təşkil ediblər.

Sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov və YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgidə açılış nitqi ilə çıxış ediblər.

AzVision.az xəbər verir ki, sərgidə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “ASAN xidmət” dövlət xidmətlərinin vahid məkanda bizim vətəndaşlarımıza təqdim etmək üçün bir institutdur. Agentlik sədrinin sözlərinə görə, vətəndaşlarımız dövlət orqanları tərəfindən göstərilən xidmətləri əldə edərkən vahid məkana müraciət edəcəklər.

“ “ASAN xidmət”in fəaliyyət istiqaməti və əsas məramı vətəndaşlarımızın məmnunluğunu təmin etməkdir. Bunun üçün bizim əsas əməl prinsiplərimiz operativlik, şəffaflıq, rahatlıq və etik davranışdır. Digər ölkələrdə də oxşar qurumlar var. Ancaq “ASAN xidmət” öz unikallığı ilə fərqlənir. Bundan sonra Azərbaycanda bu sahədə öz modelini digər dövlətlərə təqdim edə bilər”.

İ.Kərimov qeyd edib ki, “ASAN xidmət”ində nümayiş etdirilən rəsm əsərləri, prinsipial yanaşmamıza sadiq qalaraq məhz vətəndaşlarımızın mənəvi dünyasının zənginləşdirilməsinə xidmət göstərəcək.

“Bu gün bu sərginin mərkəzdə canlandırılması ümummilli liderimizin bizə miras qoyduğu yolun davam etdirilməsi, insanlara sevginin, onların hisslərinə və mənəvi aləmlərinə dərin hörmətin təzahürüdür. Tam əminliklə deyirəm ki, bu rəsmlər mərkəzə müraciət edən vətəndaşlarımızın dərin, zəngin daxili aləmlərinin, düşüncələrinin, fikir dünyalarının və təsəvvürlərinin daşıyıcılarıdır. “ASAN xidmət”ində belə tədbirlərin keçirilməsi onlara öz hisslərini bölüşməyə, həmfikir tapmağa, emosiyalarını ifadə etməyə şərait yaradacaq. Hesab edirəm ki, mərkəzdə nümayiş etdirilən rəsm əsərləri məhz belə bir mənbə rolunu oynamağa, hamımızı bir anlıq olsa da, inzibati, formal düşüncələrdən ayıra bilər və eyni fikrin, xoş hisslərin müəllifinə çevrilməyə nail olacaq. Belə ki, bu cür silsilə tədbirlər bundan sonra da davam edəcək. Nümayiş başa çatdıqdan sonra isə qonaqlarımızı “ASAN xidmət”ində görülən işlərlə tanış edəcəyik”deyə agntliyin sədri vurğulayıb.

Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov bildirib ki, hər bir belə gözəl hadisə bizim həyatımızda bayramdır. Kulturoloqun sözlərinə görə, hər bir mədəni insan həyatını elə qurmalıdır ki, hər gününü bayrama çevirə bilsin.

“Həqiqətən biz son günlər ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsindəyik. Siz bilirsiz ki, ümumilli lider mədəniyyətə çox xüsusi diqqət yetirirdi. Üçüncü minilliyin başlaması ilə bağlı olaraq Azərbaycan xalqına müraciətində ulu öndər xüsusilə vurğulamışdır ki, “Mədəniyyət məhz Azərbaycan xalqının davamlı inkişafı üçün əvəzolunmaz bir sahədir”. Eyni zamanda hamını çağıraraq bildirmişdi ki, milli mədəniyyətimizin inkişafı və qorunub saxlanması üçün hər bir azərbaycanlı yüksək məsuliyyətlə əlindən gələn hər bir şeyi etməlidir”.

YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova jurnalistlərə açıqlamasında bildirib ki, bu günYARAT! Müasir İncəsənət Məkanı “ASAN xidmət”i ilə birgə Azərbaycanın müasir incəsənətinin daha geniş miqyasda tanınmasını təmin edən layihə həyata keçirir. A. Mahmudova qeyd edib ki, mərkəzin üç mərtəbəsində 3 rəssamın işləri təqdim olunur.

“Bu layihə qısa müddət ərzində xeyli sayda insanı özünə cəlb edib. Bu əsərlər ilk dəfədir ki, burada təqdim olunur. Ümid edirik ki, bizim layihəmiz insanların müasir incəsənətə marağını daha da artıracaq. Belə bir dəstək göstərdiyi və təşəbbüs irəli sürdükləri üçün “ASAN xidmət”-nin rəhbər və işçilərinə öz təşəkkürümü bildirirəm”.

Sərgiyə rəsm təqdim edən Faiq Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, təqdim etdiyi rəsm əsərinin adı “Ünsiyyət”dir. Rəssam çəkdiyi rəsmin məhz bu mərkəzə uyğun gələn iş olduğunu deyib.

“ “ASAN xidmət”indən istifadə edən insanların çoxu sərgiyə gəlib-getməyi çatdırmırlar və s. Bu ən ünsiyyət yaradıcı işlərdən olacaq ki, hansıki xalçalarla işləyirəm və demək olar ki, bu xalça gələn insanlarla ünsiyyət yaradır. Bu işim 3 aydan çox bir zaman içində hazırlanıb. Bu baxımdan ağır işi nə qədər çox adam görərsə, o qədər yaxşıdır”.

Digər rəssam Çingiz Babayev “ASAN xidməti”nin ofisində quraşdırdığı qurğunun adının “Pozitiv” və “Neqativ” olduğunu deyib. Rəssamın sözlərinə görə, qurğunun üzərində yazılan sualla mərkəzə gələn vətəndaşlara müraciət olunur ki, siz gündəlik həyatda hansı məqamlara daha çox rast gəlirsiniz?.

“Vətəndaşların imkanı varki orada öz fikrini ifadə etsin. Lövhələri fırlatmaqla gündəlik həyatında baş verənlərin pozitiv ya neqativ olduğunu qeyd edə bilər. “ASAN xidməti”nin ofisində bu qurğunun qurulması daha çox əhəmiyyətlidir. Belə ki, vətəndaşlar bundan əvvəlki bütün bürokratik sistemdən qurtulub və bu mərkəz onlara sənədlərin asan verilməsi üçün yaradılıb. Bununla əlaqədar olaraq bu qurğu burada daha da yerinə düşür və çox maraqlıdır ki, insanların bu qurğuda daha çox hansı fikirləri üstünlük təşkil edəcək”-deyə rəssam vurğulayıb.

Xatırladaq ki, sərgidə Fərid Rəsulovun, Faiq Əhmədovun və Çingiz Babayevin əsərləri “ASAN xidmət” mərkəzinin xidmətlərindən faydalanan geniş əhali kateqoriyası təqdim olunub.

Anar





Teqlər:  





Xəbər lenti