Deputatın adı yenə vəhabilikdə hallandı

  23 Sentyabr 2014    Oxunub : 1856
Deputatın adı yenə vəhabilikdə hallandı
Millət vəkili Fazil Mustafa facebook səhifəsində maraqlı status yazıb.
Millət vəkili dünən Bakıxanov qəsəbəsində baş tutan yas mərasimlərindən birində mollanın onun barəsində dediyi fikirləri bölüşüb.

“Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: “Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhabilərdir, onların başında da Fazil Mustafa durur. Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydormaq üçün yoxsul insanların izdirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar”.

Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan “Şanlı İldırım” adlı facebook profilindən də təhqiramiz mesaj aldım və orada da məni Yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni Nurçu adlandırmışdı. İndi qalmışam məhəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, Mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:

Hərcayıdan, müxənnəsdən, nakəsdən,

Nə qalmadı sənətkara dəyməmiş.

Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!”

AzVision.az

Teqlər: