İcra başçısı: “Gəncədə 43 min 565 nəfər pensiya alır”

İcra başçısı: “Gəncədə 43 min 565 nəfər pensiya alır”
  23 Aprel 2013    Oxunub:1339
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət qarşısında ilin birinci rübünün yekunları ilə bağlı çıxış edib
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVİsion.az-a verilən məlumata görə, Elmar Vəliyev hesabatda əhalinin pul gəlirləri, əmək haqqı, sosial təminatından danışarkən, bir çox məqamlara toxunub.

İcra başçısı bildirib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin icrasının əsas istiqamətlərindən biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təşkili, Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamasıdır. Bu sahədə görülən işlər şəhər əhalisinin gəlirləri 2012-ci ilin birinci rübü ilə müqayisədə 9,8 faiz artmasına imkan verib. Bir nəfərə düşən gəlir isə 8,6 faiz artaraq orta hesabla 954,0 manat təşkil edib.

E.Vəliyev bildirib ki, 2013-cü ilin aprelin 1-i tarixinə şəhərdə pensiya alanların sayı 43 min 565 nəfər təşkil edir. “Onlardan 59,7 faizi yaşa görə, 32,9 faizi əlilliyə görə, 7,4 faizi ailə başçısını itirməyə görə əmək pensiyası alırlar. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələri tərəfindən ümumi sayı 13 min 97 nəfər olmaqla, 11 min 915 fiziki və 1 min 182 hüquqi şəxs məcburi dövlət sosial sığortasına cəlb olunmuş və onlar tərəfindən fonda 3 milyon 279 min manat vəsait mədaxil edilib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz və ya 607,2 min manat çoxdur. Şəhər əhalisinin, xüsusən də aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi-rifah halının yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 9 min 440 nəfərə 1 milyon 258 min manat sosial müavinət verilib. 456 nəfərə tənha və kimsəsizə sosial-məişət, tibbi xidmət göstərilir, maddi və digər yardımlar olunur. 1 min 296 nəfərə Böyük Vətən Müharibəsi, Çernobıl əlilləri, 20 Yanvar, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər kateqoriyadan olanlar Prezident təqaüdü alır. Əhalinin sosial müdafiəsinə xidmət edən ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində ailə üzvlərinin sayı 17 min 326 nəfər olan 4 min 238 aztəminatlı ailəyə 1 milyon 711 min manat vəsait ödənilmişdir ki, bu da hər bir ailəyə hər ay orta hesabla 135 manat dövlət yardımı deməkdir. Yeni Gəncə yaşayış massivində yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin və 25 yerlik sosial sığınacağın layihə-smeta sənədləri hazırlanmış və yaxın müddətdə tikintisinə başlanılacaq”.

İcra başçısının sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bu ilin ilk 3 ayı ərzində 39 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil inşası və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə torpaq sahəsi ayrılıb, 2 nəfərə isə ayrılmış torpaq sahəsində ev inşa edilib. “2013-cü ilin 3 ayı ərzində 16 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, həmçinin aztəminatlı ailələrə təmənnasız mərasim xidmətləri göstərilib. Hesabat dövründə Gəncə şəhərində əlillər və şəhid ailələri üçün inşa edilmiş Yeni Gəncə yaşayış massivində 81 mənzilli, 9 mərtəbəli bina istismara verilməklə, 34 nəfər Qarabağ müharibəsi əlili, 33 nəfər şəhid ailəsi, 12 nəfər Çernobıl əlili və 1 nəfər Böyük Vətən müharibəsi əlili mənzillə təmin edilib. II Dövlət Proqramı çərçivəsində Yeni Gəncə yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binasının layihə-smeta sənədləri hazırlanmış və tikintisinə hazırlıq işləri aparılır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə vətənin azadlığı, ərazi bütövlüyü, xalqın səadəti uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün inşa edilən əzəmətli “Şəhidlər” Memorial Kompleksi istifadəyə verilmişdir. Burada 49 naməlum şəhid olmaqla, 369 şəhidin uyuduğu məzarlar vahid formada, qara mərmərdən düzəldilmiş, onların şərəfinə 22 metr hündürlüyündə, 9,2 metr diametrdə, 8 guşəli əzəmətli monumental abidə ucaldılıb”.



Teqlər:





Xəbər lenti