Macarıstan BCM-i tərk edir

   Macarıstan BCM-i tərk edir
  29 Aprel 2025    Oxunub:322
Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasına səs verib.
AzVision.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto bu barədə məluçat yayıb.

“Bu qərarı verməklə biz qərəzsizliyini və nüfuzunu itirmiş siyasiləşmiş qurumun bir hissəsi olmaqdan imtina edirik”, - Macarıstan XİN-in rəhbəri “X” sosial şəbəkəsində paylaşım edib.

Macarıstan hökuməti BCM-dən çıxmaq üçün parlamentə qanun layihəsini aprelin 3-də təqdim edib. Beynəlxalq məhkəmənin İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verməsindən sonra Budapeşt bu qərara gəlib. BCM-in orderinə məhəl qoymayan Netanyahu məhz aprelin 3-də Budapeştə səfər edib. Macarıstan hökumətinin fikrincə, BCM “yalnız özünü deyil, bütün beynəlxalq sistemi gözdən salıb”.

Qanun layihəsinin qəbulundan sonra Macarıstan BCM-dən çıxması barədə BMT-ni xəbərdar etməlidir. Beynəlxalq hüquqa görə, qərar bir ildən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, son vaxtlar qlobal miqyasda BCM-in nüfuzu əhəmiyyətli dərəcədə devalvasiyaya məruz qalıb ki, bunun da əsas səbəbi qurumun analoji mahiyyət daşıyan hadisələrlə bağlı adətən selektiv qərarlar çıxarmasıdır. Məhz bu baxımdan, əksər dövlətlər və analitiklər BCM-in əslində siyasi təzyiq və alətinə çevrilmiş bir qurum kimi qiymətləndirirlər.

Yeri gəlmişkən, ABŞ və Rusiya BCM-in təməl prinsipi olan Roma Statutunu qəbul etməyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   BCM  





Xəbər lenti