Trampın komandasında narahatlıq

   Trampın komandasında narahatlıq
  29 Aprel 2025    Oxunub:378
Demokratların Nümayəndələr Palatasına 2026-cı ildə keçiriləcək seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ prezidenti Donald Trampın müşavirləri ona qarşı yenidən impiçment prosedurunun başlana bilməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirirlər.
AzVision.az xəbər verir ki, Amerikanın “Axios” portalı respublikaçıları təşvişə sala biləcək belə məlumat yayıb.

Xatırladaq ki, Donal Trampa qarşı ilk preizdentliyi dövründə artıq iki dəfə, 2019 və 2021-ci illərdə impiçment elan edilib, lakin Senat hər iki dəfə ona bəraət qazandırıb. Yeri gəlmişkən, o, ABŞ tarixində 2 dəfə impiçment proseduru ilə üzləşmiş yeganə prezidentdir.

“Onun komandası yeni impiçment Ağ Evə və onun siyasət gündəliyinə, o cümlədən 2017-ci ildə qəabul olunmuş vergi endirimlərinin müddətinin uzadılması planlarına nə qədər zərər verə biləcəyini yaxşı başa düşür”, - portalın dərc etdiyi materialda deyilir.

Qeyd edək ki, Miçiqan ştatından olan konqresmen Şri Tanedar və senator Con Ossoff kimi bəzi demokratlar artıq yeni impiçment ideyasını dəstəklədiklərini bildiriblər.

Şri Tanedar ABŞ prezidentini Konstitusiyanı pozmaqda, hakimiyyətin qəsb olunmasında, tiranlıqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib.

“Bu ölkədə bizim karllarımız yox, prezidentlərimiz var. Bu liderlik deyil, bu tiranlıqdır. Əgər bunun davam etməsinə icazə versək, prezidentin qanundan üstün olduğunu etiraf etmiş oluruq”, - Tanedar videomüraciətində Konqres həmkarlarını impiçment təşəbbüsünü dəstəkləməyə çağırıb.

Onun ittihamları siyahısında yeddi maddə yer alıb: icra hakimiyyətindən sui-istifadə, ədalət mühakiməsinə mane olmaq, suveren ölkələri təcavüzlə hədələmək, medianı və tənqidçiləri təqib etmək, korrupsiya, “qeyri-qanuni qurumlar” yaratmaq və Trampın təşəbbüsü ilə yaradılmış DOGE (ABŞ Hökumətinin Səmərəliliyi Departamenti) vasitəsilə İlon Maska Konstitusiyanı pozduğu iddia olunan səlahiyyətlərin verilməsi.

Əvvəllər impiçment təşəbbüsləri demokratlar, məsələn, konqresmenlər Əl Qrin və İlhan Ömər tərəfindən də irəli sürülüb, lakin onlar dəstəklənməyib. Bununla belə, demokratlar arasında fikir ayrılıqları var. Demokratlar Partiyasının bəzi liderləri Trampa qarşı aqressiv təzyiqin tərəddüd göstərən seçiciləri qorxuda biləcəyini düşünürlər.

Eyni zamanda, Donald Trampa sadiq qalan Respublikaçılar Partiyası indi həm Senat, həm də Nümayəndələr Palatasına nəzarət edir ki, bu da impiçmentin reallşamasını çətinləşdirir.

Prosedura əsasən impiçment elan etmək üçün Nümayəndələr Palatasında sadə səs çoxluğu tələb olunur, lakin prezidenti vəzifədən kənarlaşdırmaq üçün Senatda 67 səs lazımdır. Bu isə qeyri-mümkün ssenari kimi qiymətləndirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   impiçment  





Xəbər lenti