BMT İsraili ittiham edib

   BMT İsraili ittiham edib
  28 Aprel 2025    Oxunub:390
BMT baş katibinin müavini və qurumun hüquq departamentinin rəhbəri Elinor Hammarşöld İsraili BMT-nin Fələstin ərazilərində fəaliyyətinə maneələr yaratmaqda ittiham edib.
AzVision.az xəbər verir ki, xanım Hammarşöldin sözlərinə görə, İsrail BMT əməkdaşlarına və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işçilərinə viza verilməsini məhdudlaşdırır.

“İsrail BMT əməkdaşlarına viza məhdudiyyətlərini sərtləşdirir və UNRWA əməkdaşları öz vəzifələrinin icrası ilə bağlı tədbirlərlə üzləşirlər. Həmçinin, Fələstinli uşaqlar üçün UNRWA məktəblərinə “icazəsiz giriş” cəhdləri və onları bağlamaq qərarları olub”, - BMT rəsmisi Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal olunmuş Fələstin ərazilərindəki öhdəlikləri ilə bağlı keçirilən dinləmədə bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 19-da BMT Baş Assambleyasında İsrailin Fələstin ərazilərindəki öhdəlikləri ilə bağlı Məhkəmədən məsləhət rəyi tələb edən qətnamə qəbul olunub. Sənəd, xüsusilə, həyati əhəmiyyətli malların tədarükü, humanitar yardım, əsas xidmətlərin göstərilməsi və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun dəstəklənməsinə aiddir.

Qətnaməni 137 ölkə, o cümlədən Çin, Fransa və Böyük Britaniya dəstəkləyib. İsrail, ABŞ və Kanada da daxil olmaqla 12 ölkə onun əleyhinə səs verib, 22 ölkə isə bitərəf qalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   İsrail   ittiham  





Xəbər lenti