ABŞ Yəməndə 7 PUA itirib

   ABŞ Yəməndə 7 PUA itirib
  29 Aprel 2025    Oxunub:315
ABŞ Prezidenti Donald Trampın əmri ilə Yəməndə iranyönümlü "Husi" qruplaşmasının obyektlərinə zərbələr endirən ABŞ Silahlı Qüvvələri martın 15-dən bəri 7 "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) itirib.
Bu barədə ABŞ hökumətinin adı çəkilməyən nümayəndəsi "Agence France Presse" (AFP) xəbər agentliyinə açıqlamasında danışıb. O vurğulayıb ki, PUA-ların hər birinin dəyəri 30 milyon dollardır.

"PUA-lar Yəməndə həm kəşfiyyat, həm də hücum məqsədilə işlədilir. Martın 15-dən indiyədək onlardan 7-si sıradan çıxarılıb", – deyən məlumatlı mənbə, maraqlıdır ki, PUA-ların məhz husilər tərəfindən vurulduğunu dilə gətirməyib.
ABŞ Yəməni bombalayıb: 38 ölü

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Ümumilikdə, ABŞ qırıcıların Yəmənə aviazərbələri nəticəsində indiyədək yüzlərlə insan həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Yəmən   münaqişə   itki  





Xəbər lenti