Elçin Əmirbəyov: "Argentina regionda əsas tərəfdaşlarımızdan biridir"

    Elçin Əmirbəyov:    "Argentina regionda əsas tərəfdaşlarımızdan biridir"
  14 Mart 2025    Oxunub:595
Argentina Latın Amerikasında Azərbaycanın əsas tərəfdaşlarından biridir və Bakı azad edilmiş ərazilərə bu ölkədən investisiyaların cəlb edilməsində maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentinaya səfəri çərçivəsində rəsmi şəxslərlə görüşü zamanı bildirib.

"Səfər əməkdaşlığın inkişafına yönəlib. Argentina regionda əsas tərəfdaşlarımızdan biridir. Ölkələr arasında diplomatik münasibətlər otuz il əvvəl qurulub və o vaxtdan bəri çox yaxşı siyasi dialoq aparırıq", - yerli KİV Əmirbəyovun sözlərindən sitat gətirir.

Görüşdə Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankos, xarici işlər naziri Xerardo Vertxeyn, senator Fransisko Paultroni, Deputatlar Palatasının sədri Fernando İqlesias və digər rəsmilər iştirak ediblər.

E.Əmirbəyov vurğulayıb ki, səfərinin əsas məqsədləri arasında ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi də yer alır, çünki ölkələr arasında ticarət dövriyyəsinin həcmi aşağıdır.

"Bu, həmçinin siyasi dialoq qurmaq, gündəlikdəki vacib məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda sülh təşəbbüslərini, regional və beynəlxalq gündəliyin aktual mövzularını müzakirə etmək üçün əla fürsətdir", - o bildirib.

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan və Argentina kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq qura, qabaqcıl texnologiyaların istifadəsində təcrübə mübadiləsi apara bilər.

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Argentina investorlarının işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb edilməsində maraqlıdır.

"Bu gün Cənubi Qafqaz regionunda tarixi hadisələr baş verir, biz 30 il münaqişə vəziyyətində olduğumuz Ermənistanla saziş imzalamağa yaxınıq. Bu, hər iki ölkə üçün tarixi fürsətdir", - o əlavə edib.

AzVision.az



Teqlər: Diplomatiya  





Xəbər lenti