Qanunsuz ov ətləri ilə bağlı restoranlara xəbərdarlıq

Monitorinqlər zamanı 42 obyektdə qanunsuz ov əti məhsullarından istifadə edilməsi halları müşahidə edilib.
Belə ki, Bakı şəhərində 10 və regionlarda yerləşən 32 müəssisədə ov məhsullarının istehlaka verilməsi faktı müəyyən edilib. Ümumilikdə, monitorinqlər zamanı sözügedən müəssisələrdə qanunsuz ovlanmış vəhşi heyvanların ətləri, habelə “Qırmızı kitab”a daxil edilmiş turac və tirəndaz (oxlu kirpi) ətləri aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar həmin müəssisələrdə qanunvericiliyə uyğun aparılmış nəzarət tədbirləri çərçivəsində məhsullar möhürlənərək dərhal satışdan kənarlaşdırılmış, həmçinin sanitar pozuntularla bağlı sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tədbir görülüb.
Eyni zamanda, aparılmış nəzarət tədbirləri çərçivəsində aşkar edilmiş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Hazırda müayinələr davam etdirilir.
Qeyd edək ki, monitorinqlər zamanı 7 obyektdə aşkar edilmiş “Qırmızı kitab”a daxil edilən tirəndaz (oxlu kirpi) və turac ətləri ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri araşdırma aparılır.
AzVision.az
Teqlər: